×
A
A
A
Sazlamalar

Sona Qəhrəmanova: Həkimə müraciət etmək əvəzinə ağrıkəsici dərmanlarla özünü aldatmaq ağır nəticələrə gətirib çıxarır

Bakı, 18 avqust, AZƏRTAC

Ürək-damar xəstəlikləri bütün dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış xəstəliklərdən biri olaraq qalır və ölüm faizinə, əlillik dərəcəsinə görə də birinci yerdədir.
AZƏRTAC xəbər verir ki, bunu ATU-nun Tədris Terapevtik Klinikasının həkim-kardioloqu, Kliniki farmakologiya kafedrasının dosenti, tibb elmləri doktoru Sona Qəhrəmanova deyib.
O bildirib ki, ürək-damar sistemi xəstəlikləri ilk növbədə irsi olaraq keçən xroniki xəstəliklərdir. Ona görə də həmin xəstəliklər, o cümlədən arterial hipertenziya zamanı “bir kurs müalicə aldım, hansısa dərmanı müəyyən müddətə qəbul edərək tamamilə sağaldım” – yanaşması yanlışdır: “Həmin xəstəliklər daimi müalicə tələb edir. Çünki xəstəliyin yaranmasının çox mürəkkəb pategenezi var və bütün ürək-damar xəstəliklərinin əsasını ateroskleroz təşkil edir. Yəni ürək damarlarında gedən aterosklerotik proseslər gələcəkdə damarların kirəcləşməsinə, qan təchizatının pozulmasına, qanın laxtalanmasına, arterial hipertenziyaya, sonda işemiyaların, infarktların yaranmasına gətirib çıxarır”.
Sağlamlığına biganə qalmayan hər kəsin hətta heç bir şikayəti olmadan ən azı ildə bir dəfə instrumental və laborator müayinələrdən keçməsini tövsiyə edən kardioloq qeyd edib ki, həmin zəruri müayinələrin sırasına ilk növbədə elektrokardioqramma, exokardioqrafiya, qanın və sidiyin ümumi analizləri, qanın laxtalanmasını, onun lipid spektrini, həmçinin qalxanabənzər vəzin vəziyyətini, şəkərli diabetin olub-olmamasını yoxlamaq daxildir: “Hər hansı bir dəyişiklik aşkarlanarsa, vaxtında müalicəyə başlamaq həm xəstə, həm də həkim üçün daha rahatdır. Daha gec mərhələdə müraciət olunanda isə, kombinə edilmiş müalicə aparmaq məcburiyyətində qalırıq”.
Müsahibimiz pasiyentlərin əksər hallarda ürək-damar xəstəliyi inkişaf edəndən sonra həkimə müraciət etməsindən təəssüfləndiyini söyləyib. Bu zaman xəstəlik elə bir mərhələyə gəlib çatır ki, ağır kompleks müalicə tələb olunur. Halbuki vaxtında müraciət edilsə idi, müalicə daha yaxşı effekt verərdi. Arterial təzyiqi yüksək olanların vaxtaşırı möhkəm başağrıları, qulaqlarında küy, sifətində qızartı ola bilər. Müşahidələr göstərir ki, xəstə çox zaman təzyiqinin yüksəlməsindən şübhələnmir və yaxud onda yüksək təzyiqin olmasına inanmaq istəmir. Çox vaxt mütəxəssisə dözülməz təngnəfəslik, yanaşı xəstəlikləri olanda, ayaqlar şişəndə, qorxu hissi yarananda müraciət edirlər. Buna qədər ağrıkəsici dərmanlar içərək özlərini aldadırlar, lakin təzyiq öz işini görərək miokard infarktına, insulta gətirib çıxarır.
Həkimin sözlərinə görə, döş sümüyü arxasında olan yandırıcı ağrı stenokardiya və miokard infarktının ilk əsas əlamətlərindəndir. Ancaq bu ağrını digər nevroloji, xüsusilə də qadınların klimaks dövründə şikayətləndiyi “ürək nahiyəsində ağrılar”dan fərqləndirmək lazımdır: “Bəzən belə xəstələri müayinə edəndə məlum olur ki, ürəklərində heç bir problem yoxdur. Əzələ, sinir və osteoxondrozla bağlı tipik ağrılar özünü ürək ağrısı kimi büruzə verir. Stenokardiya və ya miokard infarktından o zaman şübhələnməliyik ki, döş sümüyü arxasındakı yandırıcı ağrılar 5, maksimum 10 dəqiqə çəkir. Bundan əlavə, əgər xəstə dilinin altına nitroqliserin qoyduqdan sonra ağrıların azalması müşahidə olunarsa, bu, koronar damarda əmələ gələn problemin göstəricisidir. Çünki nitroqliserinin qəbulundan sonra koronar qan təchizatı yaxşılaşır və ağrı aradan qalxır. Əgər bu ağrılar uzun müddət qalsa, insan fiziki hərəkətdə olarkən stenokardik ağrıları davam etsə, miokard infarktı ehtimalı artar”.
İnkişaf etmiş ölkələrdə xəstənin miokard infarktı mərhələsinə çatmasına imkan verilmədiyini deyən S.Qəhrəmanova kardiologiyanın Azərbaycanda da tibbin inkişaf etmiş sahələrindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, peşəkar kardiocərrahlar, invaziv kardiolaqlar, yəni terapevtik müalicə ilə məşğul olan peşəkar mütəxəssislər var və onlar xəstənin bu hala çatmasının qarşısını vaxtında alırlar. Müalicə həm Amerika, həm Avropa kardioloqlarının verdiyi tövsiyələr əsasında aparılır.
Aritmiyaların, eləcə də arterial təzyiqin sutkalıq monitorinqinin, yükləmə testlərinin aparılmasının əhəmiyyətindən də danışan həkim bildirib ki, miokard infarktından sonrakı dövrdə ürəyin işgüzar qabiliyyətini, yəni canlı miokardını aşkarlamaq üçün kompüter tomoqrafiyası, MRT və digər müasir metodlar düzgün diaqnozun təsdiqlənməsində həkimlərə kömək edir.
Ürək çatışmazlığı səbəbindən baş verən ani, qəfləti ölüm hallarına da aydınlıq gətirən mütəxəssis vurğulayıb ki, hansısa bir fəsad izsiz ötüşmür: “Bəzən eşidirik ki, heç bir şikayəti, ağrısı olmayan hansısa cavan insan axşam yatıb, səhər oyanmayıb. Araşdıranda məlum olur ki, atası da həmin yaşda infarkt keçirib. Amma həmin insan bir dəfə də olsun xolesterinini, qanın laxtalanmasını, şəkərini, təzyiqini yoxlatdırmayıb. Unutmamalıyıq ki, insanların ağrıya həssaslığı, simptomları hissetmə qabiliyyəti də müxtəlifdir”.
S.Qəhrəmanova ürək-damar sistemi xəstəliklərinin xüsusilə kişilər arasında cavanlaşmasından, stres faktorunun çoxalmasından söz açaraq bildirib ki, qadınlarda ürək-damar problemləri daha çox klimaks dövründən sonra başlayır və kişilərdə 40 yaşından sonra yaranan ürək-damar problemləri ilə bərabərləşir. Yəni qadınlarda cavan yaşda ürəyin işemik problemləri daha az olur.
Eyni zamanda, həmin xəstəliklərin profilaktikasında normal həyat tərzinin, düzgün qidalanmanın əhəmiyyətinə də toxunan həkim, heyvan mənşəli qidalardan mümkün qədər az, meyvə-tərəvəzdən isə daha çox istifadə etməyi, xüsusilə fiziki aktivliyi məsləhət görüb. Onun sözlərinə görə, fəallıq dedikdə ağır işlə məşğul olmaq deyil, orta templə gəzmək, yerimək, özünü yormadan gündə 5-6 kilometr məsafə qət etmək nəzərdə tutulur: “Yəni diskomfort yaratmayan tempdə gündəlik yerimə ürək əzələsinin möhkəmlənməsi üçün ən yaxşı fiziki məşqdir. Çünki həyat hərəkətdən ibarətdir. Ürək əzələsi də işlək bir əzələdir. Ona yük verməsən tənbəlləşəcək, öz fəaliyyətini bir az da azaldacaq. Amma ona lazımi dozalanmış fiziki işləmə verdikdə, fəaliyyətini normal saxlayır və bizə qulluq edir. Ürək orqanizmi oksigenlə və digər zəruri maddələrlə təmin edən yeganə orqandır. Ürəksiz yaşamaq mümkün deyil. Ona görə də ürəyimizə daim diqqət yetirməli, onu qorumalıyıq”.

Səhiyyə 2022-08-18 11:53:00