×
A
A
A
Sazlamalar

BDU-da kvant elminin və texnologiyasının müasir meyilləri mövzusunda beynəlxalq yay məktəbi keçiriləcək

Bakı, 17 avqust, AZƏRTAC

Sentyabrın 22-dən oktyabrın 2-dək Bakı Dövlət Universitetində (BDU) “Kvant elminin və texnologiyasının müasir meyilləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda beynəlxalq yay məktəbi keçiriləcək.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Bir çox ölkələrdən olan magistrant, doktorant və gənc tədqiqatçılar üçün təşkil olunacaq yay məktəbində müvafiq sahə üzrə dünya miqyasında tanınmış alim-mütəxəssislərin – İman Əsgərbəyli, Ali Gencer (Ankara Universiteti, Türkiyə), Stefen Bartlett (Sidney Universiteti, Avstraliya), Karlo Beenakker (Leiden Universiteti, Hollandiya), Daqmar Bruss, Reinhold Egger (Dusseldorf Universiteti), Feliks Von Oppen (Berlin Universiteti, Almaniya), Ciulio Kasati (İnsubria Universiteti), Rosario Fazio (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Vladimir Falko (Milli Qrafen İnstitutu, Böyük Britaniya), Yuval Gefen (Veizmann İnstitutu) Boris Malomed (Tel-Əviv Universiteti, İsrail), Elçin Cəfərov, Nazim Məmmədov (Fizika İnstitutu, Azərbaycan), George Caparidze (İlya Dövlət Universiteti, Gürcüstan), Davron Matrasulov (Turin Politexnik Universiteti, Özbəkistan), Yasser Omar (Lissabon Universiteti, Portuqaliya), Barri Sanders (Kalqari Universiteti, Kanada) və digərlərinin məruzələri nəzərdə tutulub.
Tədbirin məqsədi müasir kvant elminin qabaqcıl ideyalarını, yeni nəticələrini, mövcud problemlərini və inkişaf perspektivlərini, kvant texnologiyalarında mümkün tətbiqlərini dinləyicilərə çatdırmaqdan ibarətdir. Dəvət olunmuş mühazirəçilər tərəfindən oxunacaq mühazirələr kondensə olunmuş hal fizikasının əsasları və tətbiqi, aşağıölçülü materiallar və onların enerji çevrilmələrində tətbiqi, habelə, Dirak yarımmetalları, Mayorana fermionları, topoloji izolyatorlar, yeni ifratkeçirici materiallar, kvant idarəetməsi və mühəndisliyi, kvant hesablamaları və modelləşdirilməsi, kvant rabitəsi və kriptoqrafiyası, kvant şəbəkələri və onların tətbiqi, kvant optikası və soyuq atomlar, kvant metrologiyası və zondlaması və digər müvafiq mövzuları əhatə edəcək.
Tədbir çərçivəsində, həmçinin BDU üçün xüsusi maraq kəsb edən tədqiqat nəticələrinə diqqət yetirilməsi, beynəlxalq koordinasiya və əməkdaşlığın yüksək səviyyədə yeni müstəvidə genişləndirilməsi nəzərdə tutulur.

Texnologiya 2022-08-17 10:51:00