×
A
A
A
Sazlamalar

İlk şəhid həkim Şöhrət Qasımovun xatirəsi anılıb

Sumqayıt, 16 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Yaşasaydı, bu gün onun 30 yaşı tamam olardı... Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan ilk şəhid həkim Şöhrət Şakir oğlu Qasımov. Yubiley tədbiri şəhidin Sumqayıtdakı Şəhidlər xiyabanında məzarını ziyarət etməklə başlanıb. Yubiley günündə şəhidin ailə üzvləri, doğmaları, dostları, Müdafiə Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti rəsmiləri iştirak ediblər.
Şəhidin atası, Birinci Qarabağ müharibəsi veteranı Şakir Qasımov AZƏRTAC-ın müxbiri ilə söhbətdə qürur hissi ilə oğlundan söz açıb.
Şöhrət 1992-ci ildə avqustun 16-da Gədəbəy rayonunda anadan olub. Əvvəlcə Sumqayıt şəhəri 18 nömrəli tam orta məktəbdə, daha sonra Cəbrayıl rayonu 5 nömrəli orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə yüksək balla daxil olub.
“Şöhrət hərbçi həkim olmaq arzusu ilə yaşayırdı. Həm həkim, həm də hərbçi kimi iki müqəddəs peşənin də öhdəsindən layiqincə gəlirdi. Bundan başqa, idmanın güləş növünü də çox sevirdi, boş vaxtlarında güləşlə məşğul olurdu. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən N hərbi hissəsində xidmətə başlayıb. Üç ay sonra Tərtər rayonunun ön xətdə yerləşən hərbi hissəsində xidmətini davam etdirib. Hərbi tibb qulluqçusu olmuş və qısa zamanda 2018-ci ildə tibb xidməti baş leytenantı rütbəsinə yüksəlib, tibb xidməti rəisi vəzifəsinə təyin olunub”, - deyə şəhidin atası bildirib.
Azərbaycan Ordusunun baş leytenantı olan Şöhrət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərib. O, sentyabrın 29-da şəhid olub.
O, müharibə vaxtı yüzlərlə yaralı əsgər və zabitə yardım göstərir, onları döyüş meydanından çıxarır. Sonucu dəfə yaralı əsgəri təxliyə etməyə gedərək erməni tankı ilə üz-üzə gəlir. Şöhrət qəhrəmancasına döyüşərək şəhid olur. 2020-ci il oktyabrın 9-da Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.
Atası Şakir kişinin sözünə görə, Şöhrət tez-tez Mübariz İbrahimovun şəhid olduğu yerlərə baxaraq döyüş yoldaşlarına orada üçrəngli bayrağımızı sancmağı arzu etdiyini deyirdi. Aprel döyüşlərində iştirak edib. Döyüşlərdən sonra yaradılmış həmlə taborunun yaradılmasında müstəsna rol oynayıb, həmin taborun məntəqə rəisi təyin olunub. Taborun keçirdiyi bütün təlimlərdə yaxından iştirak edir, dağ və səhra təlimləri və digər çətin relyeflərdə bütün tapşırıqları yerinə yetirir. Normativləri xüsusi dərəcələrlə tamamlayır. Komandirləri tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunur. Azərbaycan Ordusunun yaradılması 100 illiyinə həsr olunmuş “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. Qısa zamanda Tibb xidməti rəisi vəzifəsinə qədər yüksəlib.
Ölümündən sonra Ali Baş Komandanının sərəncamları ilə “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olmasına görə” medalları ilə təltif olunub.
Çıxışlarda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açılıb. Mərasim iştirakçılarına şəhidin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim edilib.
Şəhid Şöhrət Qasımovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində şəhidə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Regionlar 2022-08-16 18:20:00