×
A
A
A
Sazlamalar

“Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib

Bakı, 16 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı və Əzim Əzimzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə Ümumdünya Narkotiklərlə Mübarizə Günü ilə bağlı “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi” devizi altında tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, muzeyin direktoru İradə Əzimzadə tədbirin keçirilməsində əsas məqsədin gələcəyimiz olan yeniyetmələri yad təsirlərdən qorumaq, onların sağlam yaşamasını təmin etməkdən ibarət olduğunu qeyd edib.
Filialın müdiri Aynur Babayeva və filialın nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova, həmçinin kitabxananın əməkdaşı İradə Hüseynova “ağ ölümlə” mübarizədə cəmiyyətin bütün təbəqələrinin, ən əsası mədəniyyət ocaqlarının üzərinə böyük məsuliyyət düşdüyünü söyləyiblər. Bu yolda uşaq və gənclərin mütaliəyə, kitaba maraqlarının artırılması üçün görülən tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Tədbirdə mövzu ilə bağlı şeirlər də səsləndirilib.
Sonda M.Ə.Sabir adına kütləvi kitabxananın rəsm kursunun üzvlərinin rəsmlərindən ibarət “Narkomaniyaya yox deyək!” adlı sərgiyə baxış keçirilib.

Mədəniyyət 2022-08-16 18:00:00