×
A
A
A
Sazlamalar

Qaxlı fermerlər emal məntəqələrinə 336 ton yaş tütün təhvil veriblər

Qax, 16 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında tütün yığımı gündən-günə sürətlənir. Qaxlı fermerlər mövsümün əvvəlindən indiyədək “Azərtütün” ASC və “Zaqatala AGRO İndustry” MMC-yə məxsus tütün istehsalı və emalı məntəqələrinə 336 ton yaş tütün təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, cari mövsümdə Qax rayonunda “Azərtütün” ASC tərəfindən 131 hektar, “Zaqatala AGRO Industry” MMC tərəfindən 132,3 hektar, fərdi qaydada isə 110 hektar olmaqla, ümumilikdə, 373,3 hektar sahədə tütün əkilib. Tütün istehsalı ilə əlaqədar emal məntəqələri tərəfindən 33 fermerlə müqavilə bağlanılıb. Eyni zamanda, xeyli sayda torpaq mülkiyyətçisi fərdi qaydada tütün yetişdirilməsi ilə məşğul olur.
Sektor müdirinin sözlərinə görə, təsərrüfatlarda qarğıdalı yığımına da son hazırlıq işləri görülür, texnika saz vəziyyətə gətirilir. Bu il rayonda 1556 hektar sahədə dən üçün qarğıdalı əkilib. Təsərrüfatlarda qarğıdalı yığımına avqustun axırlarında başlanılacaq.

Kənd təsərrüfatı 2022-08-16 05:07:00