×
A
A
A
Sazlamalar

Birinci ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında 1082 nəfər 600-dən yuxarı bal toplayıb

Bakı, 15 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında I ixtisas qrupu üzrə 1082 nəfər 600-dən yuxarı bal toplayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat I ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bunlardan 1003 nəfər Azərbaycan bölməsi, 79 nəfər isə rus bölməsinə aiddir.
Birinci ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir. Abituriyentin xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək və ərizəsində onların kodlarını qeyd etmək hüququ qazanması üçün onun test imtahanında topladığı ümumi balı və qabiliyyət imtahanındakı yekun nəticəsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilmiş tələblərə (müsabiqə şərtlərinə) uyğun olmalıdır. Birinci ixtisas qrupunda müvafiq Qabiliyyət İmtahan Komissiyasında qeydiyyatdan keçmiş və test imtahanının nəticəsinə görə müsabiqə şərtini yerinə yetirmiş, yəni tələb olunan minimal test balını toplamış abituriyentlərin nəzərinə çatdırılır ki, onlar müvafiq Qabiliyyət İmtahan Komissiyasında qabiliyyət imtahanı verməlidirlər. Yalnız qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində xüsusi qabiliyyət tələb edən ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə test imtahanının nəticəsinə görə müvafiq müsabiqə şərtlərini yerinə yetiriblərsə, birinci ixtisas qrupunun xüsusi qabiliyyət tələb etməyən ixtisaslarını seçib müsabiqədə iştirak edə bilərlər.
Abituriyentin həm test imtahanından topladığı ümumi balı, həm də qabiliyyət imtahanları üzrə yekun nəticəsi müvafiq tələbləri ödəyirsə, o, seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ümumi qaydada avqustun 16-dan 28-dək “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiq etməlidir. Əks təqdirdə abituriyent müsabiqəyə buraxılmır.
Qeyd edək ki, I ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması cədvəlləri və müsabiqə şərtləri ilə daha ətraflı “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada və DİM-in saytında tanış olmaq mümkündür.
Xatırladaq ki, avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək.

Elm və təhsil 2022-08-15 17:39:00