×
A
A
A
Sazlamalar

Könül Nurullayeva: Regionların inkişafı ilə bağlı vəzifələrin icrası əhalinin məşğulluğunun artırılmasına təkan verir

Bakı, 14 avqust, AZƏRTAC

Prezident İlham Əliyev ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verir. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərlə yanaşı, ölkənin digər bölgələrinə də səfərlər edir. Bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işləri davam etdirilir. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı bütün sahələri və bütün bölgələrimizi əhatə edir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qobustan, İsmayıllı və Ağsuya səfəri zamanı yeni istifadəyə verilən infrastruktur layihələri bunu bir daha təsdiqləyir.
Hər iki rayonda qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilir. Son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxananın tikilməsi, 100-ə yaxın məktəbin inşası və ya əsaslı şəkildə təmir olunması burada yaşayan əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Ötən il Prezident İlham Əliyevin İsmayıllıya səfəri zamanı da şəhərin Babək küçəsində ideya və üslub baxımından aparılan xüsusi abadlıq işlərinin şahidi olmuşduq. Xarici və yerli turistlərin marağına səbəb olan Lahıcda aparılan yenidənqurma işləri də xüsusi diqqət çəkirdi. Bir il əvvəl İsmayıllı rayonunda yeni salınan Basqal-Sulut avtomobil yolu isə son illər ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində görülmüş işlərin tərkib hissəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
Deputat qeyd edib ki, qədim və tarixi məkan olan Basqalın da həm tarixi siması qorunur, həm də burada yaşayan insanlar üçün daha yaxşı şəraitin yaradılması, iş yerlərinin açılması üçün addımlar atılır. Qəsəbədə 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını daha da genişləndirəcək. Təsadüfi deyil ki, oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır. Eyni zamanda, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verir. Burada da 200-ə yaxın iş yeri açılıb. Ümumiyyətlə, əhalinin məşğulluğunun artırılması regionların sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən biridir.
K.Nurullayevanın sözlərinə görə, regionların inkişafı ilə paralel milli sərvətimiz olan dini abidələrimizin, məscidlərin, ibadətgahların əsaslı təmiri, yenidən qurulması işləri də davam etdirilir. 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi də dövlət başçımızın tapşırığına uyğun olaraq bərpa edilir. 500 ildən çox yaşı olan və Qafqazın ən nadir abidələrindən hesab olunan türbə turistlərin diqqətini cəlb edən məkanlardan biridir. Təmir-bərpa işlərindən sonra bu maraq daha da artacaq.
"Bir sözlə, dövlət başçımızın səfər etdiyi bütün bölgələrdə artan inkişaf dinamikası müşahidə olunmaqdadır. Nəticə etibarilə regionların inkişafı ilə bağlı vəzifələrin icrası sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir", - deyə deputat vurğulayıb.

Siyasət 2022-08-14 15:23:00