×
A
A
A
Sazlamalar

“Saudi Aramco” cari ilin ikinci rübündə rekord məbləğdə gəlir əldə edib

Qahirə, 14 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, şirkətin xalis gəlirində illik 90 faiz artım olub və “Saudi Aramco” ikinci rüb üzrə 18,8 milyard ABŞ dolları məbləğində dividend ödəyəcək. Rüblük qazancda rekord səviyyə qlobal bazarlarda xam neftin və emal məhsullarının qiymətlərinin artması ilə əlaqədardır. “Saudi Aramco” 2021-ci ilin eyni dövrü ilə müqayisədə rüblük 25,5 milyard dollar daha artıq, yəni 48,4 milyard dollar xalis gəlir əldə edib. Cari ilin birinci yarısında isə şirkətin gəliri 87,9 milyard dollara çatıb.
Bu nəticələri şərh edən “Saudi Aramco”nun prezidenti və baş icraçı direktoru Amin Nasser bildirib ki, ikinci rübdə əldə edilən rekord gəlir, xüsusən sənayedə ən aşağı axar karbon sıxlığına malik ucuz istehsalçı kimi şirkətin məhsullarına artan tələbi əks etdirir. O əlavə edib: “Qlobal bazarda dəyişkənlik və iqtisadi qeyri-müəyyənlik davam etsə də, bu ilin birinci yarısında bizim sənayemizə davamlı investisiya qoyuluşu artıb. Əslində, biz qısamüddətli qlobal proqnozlar üzrə aşağıyönümlü iqtisadi təzyiqlərə baxmayaraq, neftə olan tələbin qarşıdakı onillikdə də artmağa davam edəcəyini gözləyirik”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2022-08-14 14:22:00