×
A
A
A
Sazlamalar

Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib

Quba, 14 avqust, Elxan Yusifli, AZƏRTAC

“Azərkitab” Kitab Mərkəzinin Quba filialında görkəmli yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, “Əhməd Cavad” mükafatı laureatı, şair Ramiz Qusarçaylı çıxış edərək Əmir Pəhləvanın həyat və yaradıcılığı haqqında danışıb. O, Ə.Pəhləvanın həm müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi kimi qazandığı ədəbi uğurlar barədə, eyni zamanda, ədibin Qazaxıstan və Qırğızıstan respublikalarının, Şimali Kipr Türk Respublikası dövlət mükafatlarının laureatı olduğu haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Tarix elmləri doktoru, professor, şair Şahin Fazil görüşdə bildirib ki, Əmir Pəhləvanı Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında, “Baku”, “Bakı”, "Azərbaycan müəllimi" qəzetində işlədiyi və "İlham" qəzetinin təsisçisi və baş redaktoru olduğu dövrdən tanıyır. Yazıçı-dramaturqun 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabı keçmiş postsovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunduğu qeyd edilib.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev çıxışında Əmir Pəhləvanın "Step LTD" kinoşirkətini təsis etdiyindən, şirkətin xətti ilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", “Şəhriyar”, “Sivilizasiya beşiyi - Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru kimi bu filmlərdə tariximizin və taleyimizin maraqlı səhifələrini uğurla canlandırmasından geniş şəkildə bəhs edib.
ADPU Quba filialının direktor müavini, fəlsəfə doktoru Aysel Şeydayeva çıxışında belə görüşlərin əhəmiyyətindən danışıb, Əmir Pəhləvana filialın tələbələri ilə də görüşünün təşkil edilməsi ilə bağlı təklif edib.
Görüşdə Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin sədri, şair Fərzalı Ziyanur, Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin sədri, yazıçı Şixəmməd Seyidməmmədov, Qusar yazarları adından şair Ceyhun Ağabəyov, həmçinin bölgədə fəaliyyət göstərən digər şair və yazıçılar çıxış edərək yazıçı-dramaturqun yaradıcılığından söz açıblar.
Tədbirin sonunda Əmir Pəhləvan görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb, yaradıcılıq planları barədə danışıb. Maraqlı görüşün təşkili üçün Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Regionlar 2022-08-14 12:27:00