×
A
A
A
Sazlamalar

Akademik İsa Həbibbəyli: Özbək alimləri Almaz Ülvini ədəbiyyatşünaslıq elmi sahəsində Azərbaycanın elçisi kimi tanıyırlar

Bakı, 13 avqust, AZƏRTAC

Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyasına həsr olunmuş 04 mart 2021-ci il tarixdəki təqdimatın materialları” adlı məqalələr toplusu çap olunub.
AZƏRTAC xəbər verir ki, kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Salidə Şərifova və Səmərqənd Xarici Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Dilorom Salahi, toplayıb nəşrə hazırlayan və redaktoru Sənubər Səmədova, məsul katibi Şəbnəm Babayevadır.
Monoqrafiyaya “Ön söz” yazmış AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təqdimatdakı açılış sözü ilə başlayır. Həmin çıxışından sonra adı çəkilən monoqrafiyaya akademikin yazdığı “Azərbaycan nəvaişünaslığının yeni səhifəsi” adlı giriş məqalə də təqdim olunub. Akademik qeyd edir ki, “Əlişir Nəvainin nəsr əsərlərinə həsr olunmuş bu kitab, yalnız Azərbaycan ədəbiyyatşünaslığı üçün deyil, Özbəkistan ədəbiyyatşünaslığında da ən yaxşı tədqiqat əsərlərindən biridir, bəlkə də birincisidir. Mükəmməl araşdırma aparılmışdır. “Əlişir Nəvainin əsri və nəsri” kitabı təbliğat əsəri deyil, tədqiqat əsəridir. Fundamental elmi monoqrafiyadır. Bu kitabdan biz Əlişir Nəvainin az görünən tərəflərini tanıyırıq. Monoqrafiyada şair Nəvaini həm də nasir, lüğətçi, ensiklopedik biliyə malik olan bir mütəfəkkir kimi öyrənirik. Bu kitab Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmlənməsinə kömək edən daha parlaq bir səhifədir. Həm də minnətdaram ki, bu kitabın təqdimatı üçün Əfqanıstan səfiri də ilk dəfə bizim institutumuza gəldi, bu da yadda qalan tədbirlərdən biridir. Əlişir Nəvai də Özbəkistan, Əfqanıstan üçün ortaq sənətkardır. Azərbaycan Əlişir Nəvai ilə fəxr etdiyi kimi, Əfqanıstanda fəxr edir. Əlişir Nəvai bizim hər birimizin ortaq iftixarımızdır. Özbəkistan səfirliyi isə bu işdə bizlə bərabər ev sahibliyi edir. Azərbaycan-Özbəkistan əlaqələri o yerə gəlib çatıb ki, həqiqətən, Özbəkistan bizim evimiz, Azərbaycan isə özbəklərin evidir, burada fərq deyilən bir şey yoxdur. Mücadiləmiz və uğurumuz birdir”.
Özbəkistan səfiri Bəhram Aşrafxanov çıxışında bildirir ki, “Yeni kitabdan faydalanıb Azərbaycan xalqına Əlişir Nəvainin nəsr və dini-təsəvvüfi əsərlərini tanıtmaq imkanı yarandığının şahidi oluruq. Almaz xanım, şübhəsiz, siz Əlişir Nəvai yaradıcılığına aşiq bir insansınız, bu tədqiqatların nəticəsi olan elmi məhsullar – yeni kitabınızda bütün bunlar görünür, hiss olunur. Çox sevindiricidir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsində “Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi” fəaliyyət göstərir. Bu cür elmi-ədəbi işlərin çox hissəsi akademik İsa Həbibbəylinin rəhbərliyi və bizə əziz olan “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın (biləsiniz ki, Özbəkistanda onu yaxşı tanıyırlar) vasitəsilə həyata keçirilmişdir. Dr. Amanulla Ceyhun bəy: “Biz böyük insanların – Nizami Gəncəvi, Ömər Xəyyam, Mövlana Rumi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai amallarının yenidən yaşadılmasını istəyirik. Çünki yaşadığımız bu dünyada savaş var, zülm, ədalətsizlik var. Onlar isə həmişə ədalətdən, insanlıqdan bəhs etdilər. Bu amalları yenidən inkişaf etdirməliyik. Mən Almaz xanımı bu gözəl kitabı yazdığı üçün təbrik edirəm. Mən dedim ki, Əlişir Nəvai haqqında çox məlumatım yoxdur. Amma bu gözəlliklər, bu incəliklər, bu nəzakətlər Almaz xanımın kitabında əksini tapmışdır”.
Kitabda Azərbaycanın klassik irs araşdırıcılarından akademik Teymur Kərimlinin “Əlişir Nəvainin əsri, nəsri və qəsri”, filologiya elmləri doktoru Ataəmi Mirzəyevin “Əlişir Nəvai irsinə yeni baxış”, filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Əsrindən və nəsrindən görünən Əlişir Nəvai”, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Fundamental tədqiqat”, Türkiyə nəvaişünası professor Tanju Seyhanın “Əlişir Nəvainin əsri və nəsri” əsərində Nəvai nəsri ilə bağlı bəzi məsələlər” adlı məqalələr diqqətə çatdırılıb.
Özbəkistanın məşhur nəvaişünas alimlərinin Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri” kitabı haqqında maraqlı və yeniliklərlə dolu elmi fikirləri ilə də tanış oluruq. Onlardan Səmərqənd Universitetinin professoru, filologiya elmləri doktoru Dilorom Salahinin “Nəvai əsrində nəsrin formalaşmasının elmi tədqiqi”, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin rektoru, professor Şuhrat Sirojiddinovun “Almaz Ulvi və onun “Əlişir Nəvainin əsri və nəsri” əsəri haqqında, həmin universitetin klassik ədəbiyyat şöbəsinin müdiri, professor Nurbay Cabborovun “Turk xalqları nəvaişünaslığının mühüm nailiyyəti”, filologiya elmləri doktoru Maqsud Əsədovun “Əlişir Nəvainin əsri və nəsri” əsəri nəvaişünaslıqda yeni uğur kimi”, filologiya elmləri doktoru Tulkin Sultanovun “Əlişir Nəvainin əsri və nəsri Almaz Ülvinin tədqiqatlarında”, dosent Gülbahar Aşurovanın “Azərbaycan ədəbiyyatşünaslığının özbəkcə sözü və qəlbi”, dosent Əlişir Rəzzaqovun “Azərbaycanda Əlişir Nəvaiyə ehtiram” adlı elmi məqalələr yer almışdır.
Bundan başqa məlumdur ki, Almaz Ülvi artıq üç on illiyə yaxındır ki, Özbək ədəbiyyatı ilə bağlı tədqiqatlar aparır. Bu mövzu ilə bağlı indiyə qədər 360-dan çox elmi məqalə 25-dən çox kitab müəllifidir. Özbəkistanın məşhur nəvaişünasları müxtəlif illərdə Almaz Ülvinin bu nailiyyətlərini yüksək dəyərləndirib və özbək mətbuatında işıqlandırıb. Təqdim olunan bu kitabda həmin məqalələrdən akademik Tura Mirzəyev və professor İbrahim Haqqulun “Almaz Ülvinin “Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələri” monoqrafiyası, məşhur nəvaişünas, Özbəkistan Qəhrəmanı, professor Suyima Ğəniyevanın “Azərbaycan-özbək ədəbi əlaqələrində yeni epoxa”, filologiya elmləri doktoru, professor Həmidulla Baltabayevin “Almaz Ulvi Özbəkistanda”, filologiya elmləri doktoru, professor Qazaqbay Yoldaş və dosent Sırdərya Utanovanın “Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabına ön söz”, dosent Gülbahar Aşurovanın “Görkəmli tədqiqatçı alim” və filologiya elmləri doktoru Marhabo Koçqarovanın “Özbək ədəbiyyatının Azərbaycandakı təəssübkeşi (özbəkşünas alim Almaz Ülvi) məqalələri kitabda nəşr edilib.
Kitabda Almaz Ülvinin elmi rəhbəri və daim məsləhətçisi olmuş məşhur nəvaişünas alim, filologiya elmləri doktoru, professor Cənnət Nağıyevanın və filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının da şagirdləri Almaz xanımın nəvaişünaslıq sahəsindəki xidmətlərindən bəhs edən məqalələrini oxumaq olar.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu direktorunun müşaviri, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərzadənin “Əlişir Nəvai və Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin layiqli tədqiqatçısı” adlı məqaləsində Almaz Ülvinin həyatı və yaradıcılığı haqqında xüsusi məqaləsi hazırlanıb.
Kitabda, həmçinin Almaz Ülvinin kitab təqdimatındakı məruzəçilərə “Bu kitab ruhumun nəvasıdır” adlı təşəkkür nitqi də yer alıb. O, həmin çıxışında bildirir: “Mən müəllim ailəsində böyümüşəm, atam 1937-1988-ci ilə kimi fizika riyaziyyat müəllimi olub. Böyük ailə olmuşuq, 11 uşaq idik, atamın əsas məqsədi hamımızı ali təhsilli görmək idi və buna nail də oldu. Amma bir müəllim maaşı ilə böyük ailənin, onun tələbələrinin xərclərini ödəmək çətin idi. O səbəbdən kənddəki xalça fabrikində 8-ci sinifdən xalça toxumağa başladım, məktəbimizin birincisi idim, üstəlik ayda və ya ay yarımda bir xalça toxuyub təhvil verirdim. Sərt təbiətli atam gözəl şeirlər yazırdı, mən xalça toxuyanda atamın şeirlərini zümzümə edərdim, hətta xalq musiqisindən rəng də qatardım və heç yorulmazdım. Bu monoqrafiya üzərində çalışarkən daim həmin anlarımı xatırlayırdım, ilmələrlə naxış vururdum, rəng uyumu, simmetriya, əriş-arğacın incəliyi, hər cərgənin sıxlığı riyazi dəqiqliklə idi, bir ilmə yanlış vuranda o xalçanın naxışına, ahənginə, ruhuna xələl gətirərdi, bax, Nəvai ruhuna öz sözləri ilə naxış vuranda, rəng qatanda, nəva ilə oxşayanda ruhum da dincəlirdi. “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” kitabı əslində ruhumun nəvasıdır. Şeyx Nizami övladı Həzrət Nəvai nur içində yatsın. Həzrət Nəvai adını tutub bu məclisə toplaşan bütün insanlara uzun, sağlıqlı və nəvalı ömür arzulayıram, var olun”.

Mədəniyyət 2022-08-13 22:05:00