×
A
A
A
Sazlamalar

AQSİA nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında bir sıra görüşlər keçiriblər

Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayevanın rəhbərliyi ilə bir qrup sahibkar xanım Şimali Kipr Türk Respublikasında səfərdə olub.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində AQSİA nümayəndə heyəti bu ölkənin Prezidenti Ersin Tatarla və bir sıra dövlət adamları ilə görüşüblər. Bundan başqa, işgüzar səfər zamanı AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva ilə Kipr Girişimçi Kadınlar Dərnəyinin (GİKAD) rəhbəri İçim Çağıner Kavuklu əməkdaşlıq memorandumu imzalayıblar.
Bildirilib ki, imzalanan memorandum iki ölkənin qadın sahibkarları arasında əlaqələri genişləndirəcək, birgə layihələrin həyata keçirilməsinə təkan verərək qadın sahibkarların şəbəkələşməsinə böyük töhfə verəcək. Eyni zamanda, bu əməkdaşlığın həm ölkəmizdə, həm də qardaş Şimali Kipr Respublikasında qadın sahibkarlığının inkişafına dəstək verəcəyi vurğulanıb.
Tədbirlər zamanı Səkinə Babayeva və üzvlər tərəfindən iştirakçılara Qarabağı, Şuşanı və Xarıbülbülü əks etdirən hədiyyələr, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, azərbaycanlı professor Aygün Attarın 44 günlük müharibə ilə bağlı ərsəyə gətirdiyi “Qarabağın Zəfəri” adlı kitabı hədiyyə edilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamı ilə “Şuşa İli” çərçivəsində keçiriləcək "Qarabağ İncilərinin Avropa sədası" layihəsinin təqdim olunacağı Qlobal Sahibkarlıq həftəsində, "Üfüqdə Yeni Fürsətlər: “Qadın Sahibkarlara Yaşıl İşıq" konfransını təbliğ edərək, “Şuşa İli”nin milli-mənəvi və etnik cəhətdən əhəmiyyətindən danışılıb, Azərbaycan tarixində Şuşanın xüsusi yeri olduğu vurğulanıb.
Daha sonra S.Babayeva Şimali Kipr Türk Cümhuriyyəti prezidentinin xanımı Sibel Tatar başda olmaqla, GİKAD sədri İçim Kavuklu və kiprli sahibkar qadınları noyabrın 25-27-də Azərbaycanda keçiriləcək Şuşa layihəsinin və “Üfüqdə Fürsətlər” konfransının bağlanış mərasiminə dəvət edib.
Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Nigar Ağakişiyeva “Ananın yaylığı” adlı layihəni tədbir iştirakçılarına təqdim edib.
AQSİA üzvlərinin bu ölkəyə səfəri Prezident İlham Əliyevin Şimali Kipr Respublikasının Prezidenti Ersin Tatarı qəbul etdiyi ərəfəyə təsadüf etməsi isə qadın sahibkarlar üçün həm ikiqat məsuliyyət, həm də qürurdur.

 

İqtisadiyyat 2022-08-13 19:05:00