×
A
A
A
Sazlamalar

İqtisadi artım daxili və xarici tələb amilləri hesabına təmin edilib

Bak, 13 avqust, AZƏRTAC

Birinci yarımildə iqtisadi artımın həm daxili (ev təsərrüfatları və dövlət istehlakı), həm də xarici tələb (xalis ixrac) amilləri hesabına təmin edildiyi qənaətinə gəlinib.
AZƏRTAC xəbər verir ki, bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.
İqtisadi artımın hərəkətverici qüvvəsi istehlak və xalis ixrac komponentləri olub. İstehlakın stimullaşdırılmasına büdcə xərclərinin, o cümlədən sosialyönümlü xərclərin artımı da töhfə verib.
Dövlət istehlakının komponentlərindən olan malların (işlərin və xidmətin) satınalınması əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz azalsa da, əməyin ödənişi xərclərinin 29,8 faiz artması bu faktorun iqtisadi artımına müsbət töhfə verib.
Malların idxalında qeydə alınan artım əsasən dövlət sektoru hesabına mümkün olsa da, mallar üzrə ən böyük müsbət saldo dövlət sektoru üzrə qeydə alınıb. Dövlət sektorunda ixracın idxalı kəskin fərqlə üstələməsi məcmu tələbin xalis ixrac faktoru ilə dəstəklənməsinin dövlət sektoru vasitəsilə də reallaşdığını deməyə imkan verir.

İqtisadiyyat 2022-08-13 14:57:00