×
A
A
A
Sazlamalar

İsmayıllıda Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan şahmat turniri keçirilib

İsmayıllı, 12 avqust, AZƏRTAC
Avqustun 12-də İsmayıllıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı, UNICEF-in dəstəyi ilə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan qızlar və qadınlar arasında şahmat turniri keçirilib. Şahmat turnirində Qobustan, Şamaxı, İsmayıllı, Ağsu və Qəbələ rayonlarından 160-dək şahmatçı mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən turnirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Beynəlxalq qrosmeyster Aynur Sofiyeva, UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini William Abi Abdullah, Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi, Beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaradan, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub.
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən həmin büst güllə ilə zədələnib. 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılıb. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli-mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
Çıxışlarda vurğulanıb ki, görkəmli şairin 190 illiyinə həsr olunan turnirin məqsədi, həm dahi şairin xatirəsinə olan dərin ehtiram, həm də qızlar arasında intellektual oyuna marağın təşviqi, asudə vaxtın səmərəli təşkil edilməsi, onlarda analitik düşünmə qabiliyyətinin formalaşdırılması məqsədini daşıyır.
Sonra yarışlara start verilib. Ən maraqlı qarşılaşma Şamaxı rayonundan 8 yaşlı Dəfinə Əhmədova ilə Qəbələ rayonundan 59 yaşlı Səbirə Məmmədova arasında olub. Qonaqların, tamaşaçıların maraqla izlədikləri oyun Dəfinənin qələbəsi ilə nəticələnib. 8 yaşlı şahmatçı AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Şahmatı çox sevirəm. Mən də Aynur Sofiyeva kimi məşhur şahmatçı olmaq istəyirəm. Bu cür yarışa ilk dəfədir çıxıram. Heç bilmirəm necə oldu ki, Səbirə nənəni məğlub etdim, həm sevinirəm, həm də utanıram.”
İsveçrə sistemi ilə bütün yaş qrupu üzrə yeddi turdan ibarət turnir gərgin və maraqlı keçib. Yeddi nominasiya üzrə mükafatlandırma olub. Qaliblərə kubok və diplomlar təqdim edilib, şahmat mükafatı verilib. Komanda hesabında İsmayıllı, Şamaxı və Qəbələ şahmatçıları müvafiq olaraq I, II, III yerləri qazanıblar.
Sonda qalib şahmatçılara Azərbaycanın beynəlxalq qrosmeysterləri Aynur Sofiyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova ustad dərsləri keçiblər.

Regionlar 2022-08-12 19:21:00