×
A
A
A
Sazlamalar

“Şuşa Virtual Təbliğat Mərkəzi” adlı layihənin icrasına başlanılıb

Bakı, 12 avqust, AZƏRTAC

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin həyata keçirilməsinə başlayıb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Şuşanın virtual təbliği məqsədilə sayt yaradılacaq. Sayt bir neçə dildə fəaliyyət göstərəcək.
İnternet resursda Şuşa şəhərinin tarixi, tarixi-mədəniyyət abidələri, eksponatları, Şuşa rayonunda yazıb-yaratmış tarixi şəxsiyyətlər, erməni quldurlarının işğal dövründə Şuşa şəhərində yaşayış və qeyri-yaşayış binalarına, eləcə də qala-şəhərin təbiətinə vurduğu ziyan, Azərbaycanın mədəniyyət paytaxtının iqtisadiyyatı, statistikası, işğaldan azad olunandan sonra Şuşa şəhərinin bərpası istiqamətində görülmüş işlər haqqında məlumatlar yerləşdiriləcək.
Bundan başqa, saytda virtual kitabxana, muzey, fotoqalereya, Şuşa haqqında çəkilmiş sənədli filmlər, videoçarxlar, böyük qayıdış ərəfəsində şuşalıların fikirləri və Şuşa rayonuna qayıdışdan sonra görəcəkləri işlər haqqında informasiyalar yayımlayacaq. Həmçinin layihə çərçivəsində Şuşa haqqında sənədli film də çəkiləcək.

Cəmiyyət 2022-08-12 18:31:00