×
A
A
A
Sazlamalar

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xalq artisti Azərpaşa Nemətovla görüşüb

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev 75 illik yubileyi münasibətilə Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azərpaşa Nemətovla görüşüb.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Nazir müavini mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu A.Nemətova təqdim edib, yubiley yaşını qeyd edən sənətkara uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb.
Xalq artisti A.Nemətov diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərpaşa Nemətov 1947-ci il avqustun 13-də Bakıda, görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olub. 1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatr rejissoru” fakültəsini, SSRİ Xalq artisti Mehdi Məmmədovun kursunu bitirib.
Yaradıcılıq fəaliyyətinə 1972-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından başlayan rejissor həmin teatrda müxtəlif illər ərzində rejissor assistenti, quruluşçu rejissor, baş rejissor, bədii rəhbər vəzifələrində çalışıb, bu teatrın inkişafında böyük xidmətlər göstərib.
A.Nemətov 1974-76-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Leninqrad Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb, daha sonra dəfələrlə Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələrdə teatr festivallarında, konfranslarda və digər teatr forumlarında iştirak edib.
A.Nemətov öz yaradıcılığında müasir dünya avanqard teatrının və Azərbaycan milli teatrının xüsusiyyətlərini ustalıqla birləşdirir.
Teatr sənəti sahəsində xidmətlərinə görə o, yüksək fəxri adlara, orden və medallara, mükafatlar layiq görülüb.
Prezident İlham Əliyevin avqustun 12-də imzaladığı Sərəncamla Azərpaşa Nemətov Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Mədəniyyət 2022-08-12 18:18:00