×
A
A
A
Sazlamalar

Xəzər rayonunun Zirə qəsəbəsində sahilə yaxın ərazi tullantılardan təmizlənib

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü ilə əlaqədar paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində təmizlik aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Dövlət Turizm Agentliyinin nümayəndələri, “Yüksəliş” müsabiqəsinin qalibləri, beynəlxalq təşkilatların təmsilçiləri, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan könüllülərin iştirak etdiyi tədbirdə sahilə yaxın ərazi plastik və digər tullantılardan təmizlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 2006-cı il 12 avqust tarixində qüvvəyə mindikdən sonra hər il bu tarix Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü kimi qeyd olunur. Əlamətdar gün münasibətilə bu gün təkcə Zirə qəsəbəsində deyil, yerli icra hakimiyyətlərinin, bələdiyyə nümayəndələrinin və yerli sakinlərin iştirakı ilə Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağında təmizlik aksiyaları təşkil olunub: “Burada daha çox plastik, məişət, qida tullantıları müşahidə edilir. Təbii ki, gördüklərimiz bizi çox narahat edir. Bu, onu göstərir ki, vətəndaşlar istirahətlərini təşkil edərkən ətraf mühitin mühafizəsinə çox da önəm vermirlər. Uzun müddətdir ki, bu istiqamətdə işlər görür, maarifləndirmə aksiyaları keçiririk. Bugünkü aksiyada da diqqəti ətraf mühitin mühafizəsinə çəkir, vətəndaşlara bir növ çağırış edir, onlara istirahətlərindən sonra geridə buraxdıqları mənzərəni göstərməyə çalışırıq”.
F.Mütəllimovun sözlərinə görə, Azərbaycanda Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dənizin ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir. Həm maarifləndirmə tədbirləri, həm də monitorinqlər davam etdiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edərək ətraf mühitin mühafizəsinə qayğı və həssas münasibət göstərən təbiətsevərlərə və tərəfdaşlara göstərdikləri dəstəyə görə təşəkkür edirik”.
Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Zirə qəsəbəsində keçirilən aksiya zamanı 3 hektara yaxın ərazinin təmizləndiyini diqqətə çatdırıb. O, bildirib ki, həmin tullantılar çeşidlənməyə göndəriləcək: “Buradakı vəziyyət onu göstərir ki, maarifləndirmə tədbirləri daha sürətlə davam etdirilməlidir. Çünki hələ də sadəcə bu gününü düşünüb, özünün, övladının gələcəyinə laqeyd yanaşan vətəndaşlar var. Onlar bilməlidirlər ki, özlərinin də, övladlarının da sağlam olması üçün ətraf mühit də sağlam olmalıdır. Zənnimcə, plastik tullantıların, polietilen torbaların ətraf mühitdə uzun müddət qaldığını və hansı mənfi təsirlərə yol açdığını əksəriyyətimiz bilir. Odur ki, təbiətə dost münasibət aşılamalı, bunu övladlarımıza da öyrətməliyik”.
Birinci “Yüksəliş” müsabiqəsinin qaliblərindən olan Ziya Mürsəlzadə ekoloji aksiyada iştirak etməkdən məmnunluğunu bildirərək bunun onun üçün maraqlı təcrübə olduğunu qeyd edib: “Çox şadam ki, aksiyada iştirakla ətraf mühitin mühafizəsinə öz töhfəmi verə bildim. Ümid edirəm ki, belə tədbirlərin ardı gələcək”.
İkinci “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Nərgiz İsmayılova qarşılaşdığı mənzərədən təəssüfləndiyini dilə gətirib: “Ərazi avtomobil yoluna yaxın olduğu üçün çox güman ki, tullantıların əksəriyyəti avtomobillərdən atılıb. Tullantıların əksəriyyəti plastik butulkalar və çeşidlənə biləcək məhsullardır. Hər bir şey ilk növbədə ailədən başlayır. Tullantıları çeşidlənmiş formada, onlar üçün ayrılmış qablara atsaq, ətraf mühit bu qədər çirklənməz. Odur ki, hər kəsi ətraf mühitə laqeyd yanaşmamağa səsləyirəm. Çünki təbiətə nə versək, o da bizə eynisini qaytaracaq”.
Daha sonra tədbir Xəzər sahilində yerləşən Abşeron Milli Parkında davam etdirilib, iştirakçılara mütəxəssislər tərəfindən Xəzərin ekoloji problemləri və bu sahədə görülən işlər barədə məlumat verilib, könüllülər tərəfindən çəlləklər üzərinə Xəzərin mühafizəsinin vacibliyini əks etdirən rəsmlər çəkilib.
Qeyd edək ki, Turizm Agentliyi ilə birlikdə milli parklara gedən yollarda müasir standartlara cavab verən istiqamətverici nişanların quraşdırılması layihəsinə başlanılıb. İlkin olaraq Abşeron Milli Parkının yol tanıtımını əhatə edən layihə daha sonra digər milli parklarda da davam etdiriləcək.

Ekologiya 2022-08-12 17:31:00