×
A
A
A
Sazlamalar

Abşeronda yaşıllaşdırma işləri davam edir

Xırdalan, 12 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biri də ətraf mühitin mühafizəsini, həmçinin insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair həyata keçirilən yaşıllaşdırma və yeni meşəsalma və bərpa işlərinin ardıcıl, sistemli və möhtəşəm miqyasda həyata keçirilməsi dövlət başçımızın təbiətə qayğısı ilə bağlıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi qayğı göstərilir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.
AZƏRTAC xəbər verir ki, müxtəlif vaxtlarda icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir. Abşeron rayonunda yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Rayon ərazisində müxtəlif yerlərdə yaşıllıqların salınması, parkların və xiyabanların tikintisi, hətta nümunəvi həyətlərin sayının artırılması diqqət mərkəzində saxlanılır.
Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan silsilə tədbirlər çərçivəsində növbəti yaşıllaşdırma aksiyası Bakı-Şamaxı və Bakı-Sumqayıt avtomagistrallarının rayon ərazisindən keçən hissəsində təşkil edilib.
Keçirilən yaşıllaşdırma aksiyasında eldar şamı, aliandr, mövsümü gül, dekorativ kol və ağaclar əkilib, 1150 kvadratmetr qazon vurulub və ərazidə təmizlik-abadlıq işləri aparılıb. Eyni zamanda, əvvəl əkilən ağac və gül kollarına da aqrotexniki quluq göstərilib.
Abşeron rayonunda yaşıllaşdırma işləri çərçivəsində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhəri, Hökməli–Qobu, Novxanı-Binəqədi, Digah-Mehdiabad, Bakı-Şamaxı və Bakı-Sumqayıt avtomobil yollarının Abşeron rayon ərazisindən keçən hissələrində təkcə son 6 ay ərzində 3450 kvadratmetr qazon vurulub, 300 alyandr, 19600 mövsümü güllər, 1100 həmişəyaşıl kol, 750 ərik, 550 badam, 1550 şam ağacı, 300 zeytun, 300 tuya ağacları əkilib. Cari ilin ilk 6 ayı ərzində ümumilikdə rayonun kənd və qəsəbələrində 27 min ağac və gül kolları əkilib.
Abşeron rayonunda yaşıllaşdırma işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Regionlar 2022-08-12 16:58:00