×
A
A
A
Sazlamalar

Zaqatalada Vətən müharibəsi şəhidi Əhməd Putiyevin xatirəsi anılıb

Zaqatala, 12 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Zaqatala rayonunun Mazıx kəndindən olan Əhməd Putiyevdir. Avqustun 12-si şəhid Əhmədin doğum günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günü ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, rayon Heydər Əliyev Mərkəzinin rəhbər şəxsləri, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, kənd sakinləri Əhməd Putiyevin kənd qəbiristanlığındakı məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Anım mərasimində çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Əhməd Putiyevin şərəfli döyüş yolundan danışıb, şəhidlərin xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Əhməd Putiyev 2001-ci il avqustun 12-də Zaqatala rayonunun Mazıx kəndində anadan olub. O, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhməd Putiyev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub və Mazıx kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Əhməd Putiyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Regionlar 2022-08-12 16:23:00