×
A
A
A
Sazlamalar

Qazlı içkilərin insan orqanizminə təsiri

Bakı, 12 avqust, AZƏRTAC

Dünyada ən çox satılan içkilərdən biri də qazlı içkilərdir. Müasir dövrdə sərinləşdirici effekt vermək üçün içkilərdə karbon dioksiddən istifadə edilir. Belə içkilərə su, şəkər (saxaroza, qlükoza və fruktoza), şəkər əvəzləyiciləri, turşular (limon turşusu, alma turşusu və fosfor turşusu), meyvə şirəsi, dadlandırıcılar, rəngləndiricilər və uzun müddət saxlamaq üçün lazımi maddələr də daxildir. Bəs gündəlik istifadə edilən qazlı içkilər sağlamlığa necə təsir göstərir?
AZƏRTC xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamenti, Biomühəndislik araşdırmaları şöbəsinin əməkdaşı Abdul Etibaroğlunun hazırladığı elmi məqalədə bu barədə bəhs olunur.
Qazlı-şəkərli içkilərin zərərləri
Elmi araşdırmalar sübut edir ki, qazlı içkilərin istehlakı qidalanma və sağlamlıqla birbaşa əlaqədardır. Bu tip içkilərin istifadəsi enerji qəbulu, həmçinin çəki artımı ilə müşayiət edilir. Bəzi araşdırmalar isə bu tip içkilərin qəbulu zamanı çəki artımını gündəlik qəbul edilən enerjinin miqdarı ilə əlaqələndirirlər. Digər maraqlı fakt ondan ibarətdir ki, insanlar qazlı-şəkərli içkiləri qəbul edərkən eyni kaloriyə malik qidalara nisbətən daha az enerji qəbul edirlər. Bunun səbəbi isə onunla izah olunur ki, insan orqanizmi enerjini yeməkdən və içkidən müxtəlif yolla qəbul edir. Maraqlıdır ki, insanın qazlı-şəkərli içki və ya meyvə şirəsindən aldığı enerji dəyəri bərabərdir.
Qazlı içki istehlakı artıq çəki ilə müşahidə olunduğu kimi, həmin içkilərdən imtina çəki kontrolunun nizamlanmasına gətirib çıxarır. Bundan başqa, qazlı içki qəbulunun diabetlə də əlaqəsi mövcuddur. Gündəlik olaraq 1-2 qab (250 ml) şəkərli içki qəbul edən şəxslərin 2-ci növ diabetdən əziyyətçəkmə ehtimalları 26 faiz daha çoxdur. Lakin həmin içkilərin gündəlik istehlakını su, çay və ya qəhvə ilə əvəzləmək diabet riskini 2-10 faiz azaldır.
Qazlı içkilərin qan-damar və sümüklə əlaqəli problemlərə səbəb olduğu da məlumdur. Davamlı olaraq qazlı-şəkərli içki qəbul edənlərin, bu tip içkiləri nadir hallarda qəbul edən insanlara nisbətən ürək problemləri ilə üzləşmə ehtimalı 20 faiz daha çoxdur. Bundan başqa, eyni içkilərin tərkibində fosfat miqdarının çox olduğu və fosfatın kalsiumdan daha çox qəbulunun sümüklər üçün ziyanlı olduğu məlumdur. Bu kimi içkilərdə adətən kalsium kimi qidalandırıcı maddələrə rast gəlinmir. Kalsiumun sümük inkişafı üçün son dərəcə əhəmiyyətli olduğunu nəzərə alsaq, bu tip içkilərin gənclər tərəfindən istehlakının təşviq edilməsi yolverilməzdir. Belə ki, orqanizmdə fosfat kalsium balansının pozulması həmin istehlak qrupunda sümüklə əlaqədar problemlərə səbəb olur.
Bəzi sərinləşdirici içkilərin insanların ağız boşluğu sağlamlığına və ümumi səhhətinə zərərli təsir göstərdiyi fikri irəli sürülüb. Həmin içkilər çox vaxt yüksək şəkər və turşuluq tərkibinə malik olurlar. Hər qram şəkərdə 4 kalori olduğunu nəzərə alsaq, bu içkilərin yalnız əlavə kalori verdiyini, qida dəyəri baxımından isə faydasız olduğunu görə bilərik. Belə ki, qazlı-şəkərli içkilərdə orqanizmə lazım olan vitamin, mineral və liflərə rast gəlinmir. Bəzi diyetik sərinləşdirici qazlı içkilərə şəkər əvəzinə süni dadlandırıcılar (şəkər əvəzediciləri) qatılır. Həmin maddələr piylənmə və diş çürüməsi riskini azaltsa da, onların təhlükəsizliyi hələ də mübahisə mövzusudur. Çünki bu şəkər əvəzedicilərinin parçalanma məhsulu müxtəlif metabolik təsirlərə gətirib çıxarır. Bəzi tədqiqatlar süni şəkər alternativlərinin istehlakını piylənmə, limfoma, leykemiya, sidik kisəsi və beyin xərçəngi, xroniki yorğunluq sindromu, Parkinson, Alzheymer və autizm kimi xəstəliklərlə əlaqələndirir. Məsələn, şəkər əvəzedicilərindən aspartam və saxarinin potensial kanserogenik təsirləri araşdırılmışdır. Araşdırma zamanı bu kimyəvi birləşmələrin qəbulu həm erkək, həm də dişi siçanlarda beyin şişi və sidik kisəsi xərçəngi riskini artırmışdır. Hətta saxarinin istifadəsi bir müddət Kanada və ABŞ-da qadağan edilmiş, daha sonralar isə bu kimi təsdiq edilmiş bir sıra şəkər əlavələrinin normal doza daxilində qəbulunun heç bir sağlamlıq riski daşımadığı öyrənilmişdir.

Qazlı içkilərin faydaları
Tərkibinə şəkər əlavə edilməyən karbonatlı içkilər orqanizm üçün faydalı da ola bilər. Belə içkilər, diyetik sodalar diabet və çəki tənzimlənməsinə kömək edir, həmçinin fruktoza tərkibli içkilərdən fərqli olaraq dişlərin sağlamlığına hər hansı təhlükə törətmir.
Qazlı içkilərin faydalarını üç qrupa bölmək olar:
1. Karbohidratlarla zəngin olduğu üçün enerji mənbəyidir;
2. İzotonik içkilər vasitəsilə bədən duzlarının daha tez həzm olunması (qeyd: izotonik içkilər bədənin daxili konsentrasiyasına uyğun olan içkilərdir);
3. Az kalorili növləri bu şəkildə qidalanmaq istəyənlər üçün daha rahatdır.

Sağlamlıq klubu 2022-08-12 15:36:00