×
A
A
A
Sazlamalar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb

Bakı, 12 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları meşələrdə və meşəətrafı sahələrdə apardıqları monitorinqlər zamanı Qəbələ rayonunun Nic qəsəbəsinin ərazisində qeyri-qanuni yolla ağac kömürü istehsal edən üç ədəd ocaqxana aşkarlayıb.
Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsulla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların meşə ərazisində istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları"nın 2.1.1-ci və 2.1.4-cü maddələrinin tələblərinə zidd olaraq meşə sahələrində ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil edən Babayev Nazim Cəbrayıl oğlu barəsində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.

Cəmiyyət 2022-08-12 12:03:00