×
A
A
A
Sazlamalar

Bu gün Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür

Bakı, 12 avqust, AZƏRTAC

12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür.
AZƏRTAC xəbər verir ki, 2006-cı ilin məhz bu günündə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.
“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.
Təsdiq olunduğu şəhərin adı ilə “Tehran Konvensiyası” kimi tanınan həmin saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əksini tapıb. “Tehran Konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Sonradan bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.
Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.
2018-ci il avqustun 12-də isə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Son 30 il ərzində iqlim dəyişmələri Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib. Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi təsirlərinə daha çox məruz qalıb. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan tələbatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir.
Bu günə kimi aparılmış tədqiqatlar Xəzərin səviyyə tərəddüdlərində çox kəskin dəyişmələrin olduğunu göstərir. Həmin tədqiqatlara əsasən 100 il əvvəl Xəzərin səviyyəsi 2 metr yüksək olub. XX əsrin 30-cu illərində səviyyə 1.5 metr enib, 1978-1995-ci illər arasında 2.7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə hər il dənizin səviyyəsi 10 santimetr enir. Həmin dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə üzləşə bilər. Coğrafi mövqeyinə və okeanlarla əlaqəsinin olmaması səbəbindən Xəzərin səviyyə rejimi onu bəsləyən çaylardan, yağıntılardan və buxarlanmadan - zamanla dəyişən dəniz su balansının əsas komponentlərindən çox asılıdır.
Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar bütün sahilyanı dövlətlər narahatlıq keçirir. Dənizin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dənizin ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir.
Xəzər dənizinin səviyyəsi son 15 il ərzində 1 metr 45 santimetr enib. Ümumiyyətlə, Xəzər dənizinin səviyyəsinin dəyişilmə amplitudası üç metrə qədərdir. Buna baxmayaraq, hazırkı səviyyə tərəddüdləri məhz sürətlə dəyişən iqlim fonunda baş verir. Ən aşağı səviyyə son 100 ildə müşahidə olunub və 1977-ci ildə qeydə alınıb. Həmin səviyyəyə çatmağa qədər hələ ki, 80 santimetr var. Lakin son 10 ildə iqlim dəyişmələrinin daha sürətlə baş verməsi narahatlıq hissi yaradır. Məhz buna görə də Xəzəryanı ölkələrin hökumətləri, alimləri, eyni zamanda, bu sahədə fəaliyyət göstərən mütəxəssislər ciddi narahatlıqlarını ifadə edirlər.
Bu il iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev deyib: “Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər”.

Ekologiya 2022-08-12 11:03:00