×
A
A
A
Sazlamalar

Almaniyalı xilasedicilər Baltik dənizində polşalı dənizçini sudan çıxarıblar

Berlin, 11 avqust, AZƏRTAC
Baltik dənizində, İkkermündedən (Almaniya) təqribən iki mil məsafədə özünün yeddimetrlik motorlu qayığında tənha üzən 70 yaşlı polşalı suya düşüb. O, alman xilasedicilərindən ibarət iki heyətin səyi nəticəsində sudan çıxarılıb.
AZƏRTAC xəbər verir ki, gəmi qəzasına düşən polşalının soyuq suda bir neçə saat qalması nəticəsində onun bədəninin hərarəti 34 dərəcə Selsiyədək düşüb.
Polşalı artıq xilasedici gəminin göyərtəsində olanda bildirib ki, dənizə yıxıldıqda o, üzən tələdən – balıq tutmaq üçün istifadə olunan məftil və ya torşəkilli qurğudan yapışa bilib. Xilasedicilər gələnədək yaxınlıqdakı yelkənli yaxtanın heyəti polşalını sudan çıxarmağa cəhd göstərib. Lakin yelkənli qayığın vinti manevr vaxtı tələyə düşüb.
Xilasetmə əməliyyatı aparılarkən 4 bal gücündə şimal-qərb küləyi əsib. Nəticədə dənizdə təqribən 1,5 hündürlükdə dalğalar əmələ gəlib, suyun hərarəti təxminən 24 dərəcə Selsi təşkil edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2022-08-11 17:48:00