×
A
A
A
Sazlamalar

Azərbaycan və Qırğızıstan qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcəklər

Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Qırğızıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətləri arasında onlayn görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Qırğızıstan Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin imzalanması, qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə saziş layihəsinin hazırlanması, kənd təsərrüfatı məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsi kimi bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Anlaşma Memorandumunun imzalanması bütün istiqamətlər, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalı və qida təhlükəsizliyi sahəsində uzunmüddətli əməkdaşlıq üçün əlverişli imkanlar yaradacaq.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edən görüşdə Azərbaycan və Qırğızıstan arasında qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərin iki ölkənin ixrac-idxal əməliyyatlarının genişləndirilməsinə, qida və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılmasına mühüm töhfə verəcəyi vurğulanıb.

 

Sosial 2022-08-11 17:26:00