×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bakı, 11 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 42 dərəcəyə çatacağı barədə proqnoz əhalinin diqqətinə çatdırılıb.
Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
“Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Həmçinin günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə FHN-in müraciətində qeyd olunur.

Cəmiyyət 2022-08-11 16:53:00