×
A
A
A
Sazlamalar

Təbii qatıqla brokkoli xərçəng hüceyrələrini məhv edir

Bakı, 11 avqust, AZƏRTAC
Sinqapur alimlərinin fikrincə, xərçəngin profilaktikası üçün vaxtaşırı qatıqla (heç bir qatqısız) brokkoli yemək lazımdır. AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri “Food.News”da dərc olunub. Alimlər bu tədqiqatı laboratoriya siçanları üzərində aparıblar. Gəmiricilər iki qrupa bölünüb. Bir qrupa qatıqla brokkoli yedizdiriblər, digərinə isə yox. Müəyyən edilib ki, bu qarışıq yoğun bağırsaq xərçəngi olan siçanlarda şişlərin təxminən 75 faizini məhv etməyə kömək edib. Mütəxəssislər iddia edirlər ki, gəmiricilərdə digər onkologiya növləri olsa da, o, yalnız yoğun bağırsaq xərçəngi hüceyrələrinə qarşı "işləyib".
Həkimlər həm xərçəngin profilaktikası, həm də şiş çıxarıldıqdan sonra bədəndə qala bilən xərçəng hüceyrələrinin aradan qaldırılması üçün probiotiklərin (onlar qatıqda var) brokkoli ilə birləşməsindən qəbul etməyi məsləhət görürlər.
Brokkoli unikal xüsusiyyətlərə malikdir. Onun tərkibində glikasiya məhsullarından zərəri neytrallaşdırmağa bacaran sulforafan var. Ekspertlər qeyd edirlər ki, sulforafan şişlərin böyüməsini ləngidə və hətta qarşısını ala bilir, iltihabı azaldır. O, həm də gül kələmində, ağ kələmdə, kolrabidə, vəzəridə var, lakin brokkolinin tərkibində o ən yüksək miqdarda olur.
Bu bitkinin tərkibində sərbəst radikalların səbəb olduğu zədələnmələri neytrallaşdıran güclü antioksidantlar var. Bu da, həmçinin orqanizmi xərçəngin inkişafından qoruyur.
Brokkolinin tərkibində iltihabı azaltmağa kömək edən çoxlu birləşmələr var. Kempferol, məsələn, güclü iltihab əleyhinə potensiala malik olan flavonoiddir. Siqaret çəkərkən brokkoli yemək də iltihabın əlamətlərini azaldır. Brokkoli həm də həzm sisteminin sağlamlığını dəstəkləyən liflə zəngindir.

Sağlamlıq klubu 2022-08-11 14:20:00