×
A
A
A
Sazlamalar

“Neftçi”nin baş məşqçisi: Vyanadakı oyundan qalib ayrılmaq üçün kifayət qədər təcrübəli futbolçularımız var

Bakı, 10 avqust, AZƏRTAC

Bakıdakı ilk oyunda qələbə qazandıq. Rəqibə hörmətlə yanaşsaq da, Vyanaya yaxşı oyun göstərib qələbə əldə etmək üçün gəlmişik. Bizi çətin oyun gözlədiyini bilirik çünki “Rapid” komandası çox güclü rəqibdir. Əminəm ki, onlar ilk matçla müqayisədə daha yaxşı, ciddi hazırlaşacaqlar. Çünki rəqibin futbolçuları evdə oynayırlar. Bununla belə, biz də hazırıq və Avstriyaya Bakıdakı hesabı qoruyub saxlamağa gəlməmişik.
AZƏRTAC xəbər verir ki, bu barədə UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində səfərdə Avstriyanın “Rapid” klubu ilə qarşılaşacaq Bakının “Neftçi” komandasının baş məşqçisi Laurentsiu Regekampf matçdan əvvəl təşkil olunan mətbuat konfransında məlumat verib.
Jurnalistlərin suallarını cavablandıran baş məşqçi deyib: “Bir-birimizə güvənirik. Vyanadakı oyundan qalib ayrılmaq üçün kifayət qədər təcrübəli futbolçularımız var. Sabahkı matçda qələbə qazanmaq üçün hazırlaşmışıq. Matçda mübarizə aparmalı, fəallıq göstərməliyik. “Rapid”in nəyə qadir olduğunu bilirik. Hücum xəttində çox güclü futbolçuları var ki, onlardan ehtiyatlanmalıyıq, onlara düşünməyə çox vaxt verməməliyik”.
Ötən həftəsonu oynanılan Azərbaycan çempionatının matçına görə komandasının hazırlaşmağa çox vaxtı olmadığını söyləyən rumıniyalı mütəxəssis bildirib: “Həmin oyundan sonra futbolçularımızı sabahkı görüş üçün bərpa etməyə, onlara motivasiya verməyə çalışdıq. Çempionatın son oyununda buraxdığımız səhvləri təhlil etdik. Çalışacağıq ki, səhvlər təkrarlanmasın. Ümid edirəm ki, komandamız fiziki cəhətdən də çox yaxşı səviyyədə olacaq. Hər məşqçinin öz oyun üslubu var amma sonda futbolçulardan asılı oluruq. Meydanda onlar mübarizə aparırlar”.
“Neftçi” komandasının nigeriyalı futbolçusu Yusuf Laval isə komandanı güclü rəqiblə çətin oyun gözlədiyini amma növbəti mərhələyə adlamaq üçün əlllərindən gələni edəcəklərini vurğulayıb.
Qeyd edək ki, “Neftçi”nin “Rapid”ə qarşı cavab görüşü avqustun 11-də Vyanadakı “Alyans” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Paytaxtımızda avqustun 4-də təşkil olunmuş ilk qarşılaşmada “Neftçi” rəqibinə 2:1 hesabı ilə qalib gəlmişdi.

İdman 2022-08-10 22:56:00