×
A
A
A
Sazlamalar

Balakən rayonunun təsərrüfatlarında qarğıdalı yığımına başlanılıb

Balakən, 10 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Balakənli fermerlər bu il 7677 hektar sahədə qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 90 hektar artırılıb. Bundan əlavə, təsərrüfatçılar bu il 465 hektar sahədə dən üçün təkrar qarğıdalı da əkiblər. Artıq rayonun bəzi təsərrüfatlarında qarğıdalı yığımına da başlanılıb. İlk günlər 37 hektar sahənin məhsulu yığılıb, 113 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 30,5 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda təsərrüfatlarda kartof, tərəvəz və bostan bitkilərinin yığımı da davam edir. İndiyədək kartof əkilmiş 618 hektar sahədən 6065 ton məhsul tədarük olunub. Hər hektardan məhsuldarlıq 98,1 sentner təşkil edir. Məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 167 ton artıb. Eyni zamanda, tərəvəz əkilmiş 2037 hektar sahənin 1548,4 hektarının məhsulu yığılıb, 21 min 940 ton tərəvəz istehsal olunub. Məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 564 ton artıb. Torpaq mülkiyyətçiləri indiyədək 3524 ton bostan bitkiləri istehsal ediblər.

Kənd təsərrüfatı 2022-08-10 17:23:00