×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetinin magistraturasının boş qalan yerlərinə qəbul aparılır

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Magistr” jurnalının 6-cı sayında yer alıb. Bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) magistraturasının hidrometeorologiya (iqlimşünaslıq) ixtisaslaşması üzrə boş qalan yerlərə qəbul elan edilib. 12 nömrəli proqrama aid bu ixtisaslaşmaya qəbul əyani formada Azərbaycan bölməsində aparılır. Hidrometeorologiya (iqlimşünaslıq) ixtisaslaşması üzrə qəbul ödənişli əsaslarla aparılır.
Həmçinin BDU-da Azərbaycan bölməsi üzrə magistraturaya kompüter elmləri (kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı), informatıka müəllimliyi (informatika fənninin tədrisi metodikası və metodologiyası, Qazax filialı) ixtisaslaşmaları üzrə boş qalan yerlərə qəbul aparılır. Azərbaycan və rus bölmələri üzrə kompüter elmləri (mobil tətbiqlərin hazırlanması və oyun dizaynı) ixtisaslaşması üzrə tədris ingilis dilindədir. 14 nömrəli proqrama aid bu ixtisaslaşmalara qəbul əyani formada elan edilib. İnformatıka müəllimliyi (informatika fənninin tədrisi metodikası və metodologiyası, Qazax filialı) ixtisaslaşması üzrə qəbul yalnız ödənişli əsaslarla aparılır.
Kompüter elmləri (kompüter elmləri və texnologiyaları, SABAH, tədris Azərbaycan dilində) ixtisaslaşması üzrə müsabiqədə bakalavriat səviyyəsini kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, riyaziyyat, informasiya texnologiyaları və sistem mühəndisliyi ixtisaslarından biri üzrə bitirən şəxslər iştirak edə bilər. Kadr hazırlığı İsrailin Holon Texnologiya İnstitutu ilə birgə proqram əsasında yerinə yetirilir. Tədris əyani formada yalnız dövlət sifarişi əsasında aparılır.
Xatırladaq ki, boş qalan yerlərə qəbul fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Elm və təhsil 2022-08-10 12:05:00