×
A
A
A
Sazlamalar

Xalça Muzeyində “Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi davam edir

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyində açılan “Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi davam edir.
AZƏRTAC xəbər verir ki, Xalidə Nəsirovanın bu fərdi retrospektiv sərgisində 40-a yaxın müxtəlif qurama nümunəsi nümayiş etdirilir. Burada sənətkarın müəllifi olduğu əsərlərlə yanaşı, ona hədiyyə edilmiş XX əsrin əvvəllərinə aid quramalar da sərgilənir. X.Nəsirovanın quramalarının əksəriyyətini müxtəlif örtüklər, yastıq üzləri, dekorativ süfrələr, mozaik pannolar təşkil edir.
Əsərlərini eskizsiz hazırlayan Xalidə Nəsirovanın mürəkkəb və zəngin naxışlı kompozisiyalarının əsas mövzusu tarix, incəsənət, din və məhəbbətdir.
Qeyd edək ki, Xalidə Nəsirova ilk dəfə 1990-cı il 20 Yanvar faciəsi günlərində qəlbində baş qaldıran emosional hisslərini ifadə edərək 3330 ədəd parça hissəsindən “Mənim dostlarım” adlı quramanı işləyib. Sonradan bu sənətə möhkəm bağlanaraq, zamanla qazanılmış təcrübə və peşəkarlıq sayəsində gözəl əsərlər yaradıb. “Avroviziya 2012”, 100-dən çox qalstukdan hazırlanmış “İçərişəhərin sirləri”, insanları qədim abidələri qorumağa səsləyən “İmdad” adlı işləri və digər çoxsaylı quramalarında sənətkarın özünəməxsus bədii axtarışları əksini tapıb.
Sərgi sentyabrın 8-dək ziyarətçilər üçün açıqdır.

Mədəniyyət 2022-08-09 18:46:00