×
A
A
A
Sazlamalar

Təhsil İnstitutu son kursda oxuyan tələbələr və yeni məzun olanlar üçün təcrübə təşkil edəcək

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ali məktəbin son kursunda təhsil alan bakalavr, magistr tələbələri və yeni məzun olanlar üçün təcrübə təşkil edəcək.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, təcrübə proqramında öyrənməyə, təcrübə qazanmağa, eləcə də təhsil sahəsində işləməyə marağı olan gənclər iştirak edə bilərlər. Namizədə aid tələblər:
- Ali təhsil;
- “MS Office” proqramları üzrə bacarıqlar;
- Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Tədqiqat, tənqidi düşüncə və analitik düşünmə bacarıqları;
- Təşkilatçılıq bacarıqları;
- Kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;
- Təhsil sahəsinə maraq;
- Təşəbbüskarlıq və innovativlik.
Müsahibə nəticəsində seçilən təcrübəçi 3-6 ay müddətinə keçiriləcək təcrübə proqramı çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsində iştirak edəcək:
- İnnovativ məzmunun hazırlanmasında dəstək və iştirak;
- Tədqiqat və innovasiyalar ilə bağlı təlimlərin/konfransların təşkil olunması;
- Təhsil tədqiqatlarının aparılması;
- Təhsil problemlərinə innovativ həll yollarının tapılmasında dəstək;
- Biznes planın/modelin hazırlanması və layihə məhsullarının kommersiyalaşdırılmasında iştirak;
- Layihə təkliflərinin verilməsi və müxtəlif layihələrin icrasında dəstək;
- Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.
Təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən öz CV və motivasiya məktublarını ingilis və ya Azərbaycan dilində avqustun 14-dək “Təcrübə proqramı” başlığı (subject) ilə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Elm və təhsil 2022-08-09 11:55:00