×
A
A
A
Sazlamalar

“Nə? Harada? Nə zaman?” intellektual oyunun ilk mərhələsi başa çatıb

Naxçıvan, 9 avqust, AZƏRTAC

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə muxtar respublika birinciliyinin Naxçıvan şəhərini və bölgələri əhatə edən ilk mərhələsi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, intellektual oyun muxtar respublikada Beynəlxalq Gənclər Gününün qeyd olunması ilə bağlı Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq Naxçıvan şəhərində keçirilib.
Yarışmada əvvəlcə avqustun 5-də həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin və onun timsalında bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər Birliyinin sədri, Gənclər Fondunun şöbə müdiri Arzu Qasımov və nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva çıxışlarında şəhidlərimizə Allahdan rəhmət diləyib, muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili, onların şəxsi inkişafı və vətənpərvər ruhda formalaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər. Gənclərin intellektual səviyyəsi, dünyagörüşü və zehni inkişafının stimullaşdırılması baxımından bu tipli bilik yarışlarının əhəmiyyətli olduğu vurğulanıb, Naxçıvanı təmsil edən komandaların uğurları ilə bağlı fikirlər səsləndirilib.
Çıxışların ardınca mübarizəyə start verilib. Qaydalara əsasən 2 turdan ibarət yarışmada iştirakçılar üçün müxtəlif mövzularda 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib. Nəticələrə əsasən “Şuşa” komandası birinci olub. Rayonlarda təşkil olunan mərhələ yarışlarının qalibləri də final mərhələsinə adlayıblar.
Qeyd edək ki, birincilikdə ilk üç yeri tutan komandalar Beynəlxalq Gənclər Günü ilə bağlı avqustun 12-də keçiriləcək yekun tədbirdə mükafatlandırılacaq.

Regionlar 2022-08-09 11:23:00