×
A
A
A
Sazlamalar

Rusiya və Şotlandiyanın bəzi ərazilərindən quşçuluq və heyvandarlıq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Bakı, 9 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Rusiya Federasiyasının Maqadan vilayətində və Şotlandiyanın Orkney adalarında yüksək patogen quş qripi, Rusiya Federasiyasının Tıva Respublikasında isə nodulyar dermatit xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınaraq Rusiya Federasiyasının Maqadan vilayətindən və Şotlandiyanın Orkney adalarından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların, o cümlədən Rusiya Federasiyasının Tıva Respublikasından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Şotlandiya, Rusiya Federasiyasının Maqadan vilayəti və Tıva Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Sosial 2022-08-09 11:01:00