×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Kəlbəcərdə maarifləndirmə tədbirləri keçirib

Bakı, 9 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Xidmət “Azərenerji” və “Azərişıq” ASC-lərin Kəlbəcər rayonunda fəaliyyət göstərən işçi heyəti üçün “Yanğın təhlükəsizliyi qaydaları”na əməl olunması istiqamətində maarifləndirmə tədbirləri keçirib.
Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə bağlı geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının, eyni zamanda, meşəlik ərazilərdən keçən yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonalarının qorunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatının zəruriliyi vurğulanıb.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

Cəmiyyət 2022-08-09 10:54:00