×
A
A
A
Sazlamalar

Dendrologiya İnstitutunda lavanda bitkisinin biomorfoloji xüsusiyyətləri araşdırılıb

Bakı, 9 avqust, AZƏRTAC

Dendrologiya İnstitutunun təcrübə sahəsində lavanda bitkisinin çiçəkləri toplanıb, laboratoriya şəraitində standartlara uyğun şəkildə qurudulub.
Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, tədqiq olunan lavanda bitkisinin çiçəklərindən yağlar alınıb, növün biomorfoloji xüsusiyyətləri araşdırılıb. Aparılan elmi-tədqiqat nəticəsində adi lavanda növünə Abşeron şəraitində aqrotexniki qulluq göstərildiyi zaman inkişafını normal keçirdiyi, becərilməsində xüsusi qayğıya ehtiyac olmadığı müəyyən edilib. Növün əsasən çiçəklərindən alınan efir yağının komponent tərkibi “Kristal” M markalı qaz xromotoqrafiyasında öyrənilib. Araşdırmalar göstərib ki, adi lavanda növündən alınan efir yağından tibdə, kosmetologiya sahəsində, aromaterapiyada istifadə olunması böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, sağlamlıq üçün lavandanın böyük əhəmiyyəti var. Bitkidən alınan efir yağları tibdə bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Lavanda orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır. Lavanda yağının ekzema, yanıq, sədəf kimi dəri xəstəliklərində istifadəsi faydalıdır. Bundan başqa qaraciyərə çox faydalıdır. Qaraciyərin nizamlı işini təmin edir. Hepatit B və C viruslarının müalicəsində və qaraciyərin toksinlərdən təmizlənməsində də geniş istifadə olunur. Lavandanın efir yağı böyük bakterisid əhəmiyyətə malikdir. Qoxusu ilə insana dinclik və rahatlıq verən lavanda çayı və yağı olduqca faydalıdır.
Lavanda, həmçinin italyan, fransız və ispan kulinariyasında, xüsusilə ətli yeməklərin hazırlanmasında geniş tətbiq edilir.

Elm və təhsil 2022-08-09 10:24:00