×
A
A
A
Sazlamalar

Seulda rekord miqdarda yağan yağış 8 nəfərin ölümünə səbəb olub VİDEO

Pekin, 9 avqust, AZƏRTAC
Cənubi Koreyanın paytaxtı Seul və ətrafında son 80 ilin ən güclü yağışı 8 nəfərin ölümünə, 6 nəfərin itkin düşməsinə səbəb olub.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, 4 nəfər binalara su dolması nəticəsində, bir nəfər avtobus dayanacağının aşması, digəri isə torpaq sürüşməsi nəticəsində ölüb. Ölənlərdən biri Çin vətəndaşıdır.
Şiddətli yağışların yaratdığı fəsadlar nəticəsində 9 nəfər xəsarət alıb. Yaşayış və inzibati binalara, fərdi evlərə, dükanlara su dolub. Paytaxtın Qanqam rayonunda bəzi yaşayış məhəllələrində elektrik təchizatında fasilələr yaranıb. Bundan başqa, dəmir yolu xətti və metro stansiyaları da su altında qalıb. Qyongi vilayətində 163 nəfər evlərini tərk edərək məktəb binasına sığınıb.
Səlahiyyətli qurumlar təhlükəsizlik tədbirləri çərçivəsində 80 avtomobil yolunu, habelə tunelləri, çay sahilindəki parkinq yerlərini bağlayıb, bərə səfərlərini təxirə salıb.
Qyongi vilayətində yanğınsöndürənlər 88 nəfəri su basmış məkanlardan xilas edib.
Daxili İşlər Nazirliyi şiddətli daşqının səbəb olacağı dağıntı səviyyəsini “xəbərdarlıq”dan “ciddi”yə yüksəldib.
Paytaxta yağan yağıntının miqdarı 422 millimetri ötüb. Yağıntılı hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.
Ölkə üzrə 47 şəhər və rayonda torpaq sürüşmələri ehtimalı var.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-08-09 10:15:00

Video