×
A
A
A
Sazlamalar

Naqasakidə atom bombardmanı qurbanlarının xatirəsi anılıb

Tokio, 9 avqust, AZƏRTAC
Avqustun 9-da Yaponiyanın Naqasaki şəhərində 77 il əvvəl atom bombardmanı nəticəsində həlak olanların anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kişidanın da qatıldığı mərasimdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, o cümlədən 83 ölkənin diplomatları da iştirak ediblər. Rusiya və Belarusun Yaponiyadakı səfirləri Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar mərasimə dəvət olunmayıblar.
Yerli vaxtla saat 11:02 dəqiqədə 1945-ci il avqustun 9-da ABŞ təyyarəsinin “Gombul” adlı pluton bombasını şəhərə atdığı anda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Xatırladaq ki, Hiroşima şəhərinə atom bombasının atılmasından cəmi üç gün sonra baş verən həmin hadisə zamanı minlərlə insan həlak olub. Şəhər sakinlərinin əksəriyyəti atom bombasının yaratdığı yanğınlardan və radiasiyadan uzun illər əziyyət çəkib.
Naqasakinin Sülh parkında təşkil olunan mərasimdə “Sülh bəyanatı” ilə çıxış edən şəhərin meri Tomihişa Taue nüvə silahının tətbiqi ilə bağlı təhdidlərin artdığı bir dövrdə bu silahın ləğvinə çağırıb. Bildirib ki, dünyada sülhün qorunmasının yeganə yolu nüvə silahının tam ləğvidir. Nüvə silahına malik olan ölkələrin liderlərinə müraciət edən T.Taue bu silahın ləğvi ilə bağlı konkret yollar göstərməyə çağırıb. Mer, həmçinin Yaponiya hökumətindən BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya etməyi və Şimal-Şərqi Asiyada nüvə silahından azad mümkün zonanın yaradılması ilə əlaqədar müzakirələrə başçılıq etməyi tələb edib.
Mərasimdə çıxış edən Yaponiyanın Baş naziri Fumio Kişida nüvə silahından azad dünyanın yaradılması üçün fəaliyyətə qoşulmağa hazır olduqlarını bildirib. Baş nazir deyib: “Təhlükəsizliklə bağlı gərgin vəziyyətin yarandığı bir dövrdə belə, biz, nüvə silahından istifadədən imtina ilə bağlı fəaliyyətimizi davam etdirməli və Naqasakinin atom bombasının atıldığı son yer olması üçün əlimizdən gələni etməliyik”.
F.Kişida əlavə edib ki, nüvə silahının ixtisarı və bu silahın yayılmaması istiqamətində şəffaflığın təmin edilməsi qarşıda duran mühüm vəzifə olaraq qalır.
Mərasimdə BMT-nin Baş katibi Antonio Quterreşin müşaviri və tərksilah üzrə yüksək nümayəndəsi İzumi Nakamitsu da iştirak edib.
BMT-nin Baş katibinin adından səslənən müraciətdə qeyd edilib ki, nüvə münaqişəsi artıq mümkün olanlar sferasına qayıdıb və Rusiyanın Ukraynaya müdaxiləsi bizim məhvdən bir neçə dəqiqəlik məsafədə olduğumuzu xatırladır.
Qeyd edək ki, BMT-nin Baş katibi A.Quterreş ötən həftə 2010-cu ildən sonra anım mərasimində iştirak etmək üçün Hiroşimaya səfər edən ilk BMT rəhbəri olub. Həmçinin o, 2018-ci ildə BMT-nin Naqasakidə keçirilən anım mərasiminə qatılan ilk Baş katibi olub.
Xatırladaq ki, Naqasakiyə atılan atom bombası nəticəsində 1945-ci ilin sonunadək 74 min insan həlak olub. Hər il atom hücumundan xəsarət alan “hibakuşya”lar vəfat etdikcə həmin siyahı yenilənir. Bundan əlavə, siyahıya ölümü indiyədək təsdiqlənməyən, lakin atom bombardmanı zamanı həyatını itirən insanların da adı əlavə edilir. Bildirilir ki, ötən il “Xatirə kitabı”na daha 3 min 160 nəfərin adı daxil edilib və hazırda Naqasakidə atom bombardmanından həlak olanların sayı 192 min 310 nəfərə çatıb.
Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin məlumatına görə hazırda iki atom silahı hücumundan sonra rəsmi olaraq sağ qalanların sayı cari ilin martında 118 min 935 nəfər təşkil edib. Bu, bir il əvvəlki göstəricidən 8 min 820 nəfər azdır. Onların orta yaş həddi isə 84,53 ilə bərabərdir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-08-09 09:45:00