×
A
A
A
Sazlamalar

“Konya-2021”: Azərbaycan millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb

Konya, 8 avqust, Səxavət Quliyev, AZƏRTAC

Futbol üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Cümhuriyyə stadionunda təşkil olunan matçda millimiz Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda millimiz 0:1 hesabı ilə məğlub olub.
Yığmamız növbəti oyununu avqustun 10-da İran seçməsinə qarşı keçirəcək.
Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir. Oyunların açılış mərasimi avqustun 9-da Konyadakı 42 min tamaşaçı tutumuna malik Böyükşəhər Bələdiyyəsi Stadionunda təşkil olunacaq. Möhtəşəm açılış mərasimi üç saat davam edəcək. Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar.
Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayırlar.
Oyunlar vaxtı 483 dəst medal sahibi tapacaq.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

İdman 2022-08-08 20:21:00