×
A
A
A
Sazlamalar

Xocavənd qəsəbəsində icbari tibbi sığorta ilə əlaqədar maarifləndirici tədbir keçirilib

Beyləqan, 8 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının birgə təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RİH başçısının müavini Əfsanə Quliyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev, idarə, müəssisə və təşkilatların, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb. Bu sahədə icbari tibbi sığortanın əhəmiyyətini qeyd edən Əfsanə Quliyeva bununla əlaqədar vətəndaşlar arasında ciddi maarifləndirməyə ehtiyac olduğunu da diqqətə çatdırıb.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədi filialının rəhbəri Pərviz Əliyev təqdimatla çıxış edərək “İcbari tibbi sığorta haqları”, “Xidmətlər zərfində təminat verilən tibbi xidmətlər”, “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri”, “Tibbi xidmətlərdən istifadə qaydası”, “Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri” və “Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası”na dair geniş açıqlamalar verib.
Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kifayət Hacıyeva çıxış edərək icbari tibbi sığortanın üstünlükləri barədə danışıb. Bildirib ki, tibbi sığorta üçün müraciət edən xeyli vətəndaş aidiyyəti üzrə xəstəxanalara yönləndirilərək tibbi sığorta xidmətindən yararlanıb.
Tədbir iştirakçıların sualları ətrafında müzakirə şəklində davam edib.

Regionlar 2022-08-08 19:06:00