×
A
A
A
Sazlamalar

Müharibə əlili: Vətənə xidmətimizin yüksək qiymətləndirilməsi bizi sevindirir

Bakı, 8 avqust, AZƏRTAC

O, Birinci Qarabağ müharibəsi dövründə 1992-ci ildən 1996-cı ilə qədər Xocavənd, Ağdam, Füzuli rayonları istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak edib. Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən döyüşlərin birində yaralanıb. Təxliyə olunsa da, qısa müddətdən sonra yenidən döyüş meydanına qayıdıb. Uzun illər idi ki, bədənində müharibə izlərini, ruhunda yarım qalan müharibənin iztirabını, qəlbində isə şəhid olan dostlarının, onların qisasını ala bilməməsinin ağrı-acısını daşıyırdı. Onun mənəvi yaraları 2020-ci ilin payızında sağaldı, ruhən rahatlığa qovuşdu.
Birinci Qarabağ müharibəsi əlili Mayıl Dadaşov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, müharibə zamanı aşağı ətraflarından qəlpə yarası alıb, qulaq sümükləri isə zədələnib. İkinci qrup əlil olduğuna, xəsarətlərinə görə, Vətən müharibəsində döyüşmək istəyi baş tutmayıb: “Ruhən çox yaralı idim. Erməni quldurları torpaqlarımızda at oynadır, gözəl guşələrimizdə kef çəkirdilər. Vicdanım heç cür rahatlıq tapa bilmirdi. Axı gözlərimin qarşısında şəhid olan dostlarım var idi... Onların ruhuna borclu idim, məzarlarını ziyarət edəndə xəcalət çəkirdim. Son döyüşü uzun illər gözlədim. Bilirdim ki, gec-tez olacaq. Çünki bədxah qonşularımız tez-tez təxribatlar törədir, səbrimizi sınağa çəkirdilər. Vətən müharibəsi başlayanda isə çox sevindim. Deməli, qisas vaxtı idi. Təəssüf ki, xəsarətlərimdən dolayı müharibədə iştirakıma icazə verilmədi. Buna çox heyfslənsəm də, gənclərimizə arxayın idim. Əmin idim ki, hər biri öz şücaəti ilə seçilən hərbi qulluqçularımız düşmənə unutmayacaqları dərs verəcəklər. Elə də oldu. Bir zamanlar bizim qoruduğumuz qundaqdakı körpələr böyüyüb alnımızdakı ləkəni təmizlədi, başladığımız mübarizəni Zəfərlə yekunlaşdırdılar. Gənc nəslin 44 gün ərzində yazdığı tarix bir müharibə iştirakçısı kimi məni qürurlandırdı. İllərdir çəkdiyim iztirab sona yetdi. Haqq davamızda qohumlarımdan iştirak edən, şəhid olanlar var. Hazırda oğlum da müddətli həqiqi hərbi xidmətdə Vətənin keşiyindədir”.
“Biz, müharibə əlilləri, şəhid ailələri dövlətimizin diqqətini hər zaman hiss edirik. Vətən yolunda sağlamlığından keçənlər qayğıkeş münasibətlə əhatə olunublar. Birinci Qarabağ müharibəsi əlillərinə verilən birdəfəlik ödəmə də dövlətin göstərdiyi sosial qayğı və dəstəyin bir təzahürüdür. Həssas yanaşma, göstərilən diqqət, Vətənə xidmətimizin yüksək qiymətləndirilməsi bizi sevindirir. Ona görə də Vətənin dar günündə silaha sarılanlar gözləri arxada qalmadan döyüşə yollanırlar. Bilirlər ki, əmanətləri etibarlı əllərdədir”, - deyə M.Dadaşov bildirib.
Xatırladaq ki, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
I dərəcə əlilliyə görə - 8 min 800 manat, II dərəcə əlilliyə görə - 6 min 600 manat, III dərəcə əlilliyə görə - 4 min 400 manat verilir.

Sosial 2022-08-08 16:09:00