×
A
A
A
Sazlamalar

Yasamal rayonunda Zivərbəy Əhmədbəyov küçəsində təmir işləri aparılır

Bakı, 8 avqust, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Yasamal rayonunda Zivərbəy Əhmədbəyov küçəsində təmir işləri görülür.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, təmir sözügedən küçənin Salatın Əsgərova və Abbasquluağa Bakıxanov küçəsinədək olan hissəsində aparılır. Küçənin uzunluğu 1000 metr, ortalama eni isə 15 metr təşkil edir.
Görülən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ardınca küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Təmir işləri zamanı mövcud piyada səkilərinin bərpası, yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin yeni baxış qapaqlarının qoyulması işləri də icra edilir.
Sonda küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.
Ardıcıllığa uyğun olaraq təmir işləri rayon üzrə Tbilisi prospekti və Seyfəddin Dağlı küçəsində də aparılacaq.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçənin təmiri işləri həyata keçirilir. Bu çərçivədə artıq II Alatavanın 2 kilometr uzunluğa malik daxili yolları və 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov küçəsinin təmiri yekunlaşıb.
Xatırladaq ki, 2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3,5 kilometr olan küçələrdə təmir işləri aparılıb.

Tikinti̇ 2022-08-08 15:47:00