×
A
A
A
Sazlamalar

Qəbələdə külli miqdarda “patı” və digər narkotik vasitələr dövriyyədən çıxarılıb

Bakı, 7 avqust, AZƏRTAC

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər də eyni əmələ görə ümumilikdə 8 il məhkum olunmuş Lətif Mehralıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 200 qram metamfetamin (patı), 90 qram tiryək, kibrit qutularında qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkarlanıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik və psixotrop maddələri vatsap vasitəsilə mütəmadi olaraq əlaqə saxladığı əcnəbi narkotacirdən onlayn yolla alıb.
Davam etdirilən tədbirlərlə L.Mehralıyevin rayon ərazisində yerləşən evinə də baxış keçirilib. Baxış zamanı həmin ünvandan 17 ədəd narkotik tərkibli çətənə bitkisi,120 qrama yaxın marixuana və 350 qram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, L.Mehralıyevin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cəmiyyət 2022-08-07 10:27:00