×
A
A
A
Sazlamalar

FAO “Bir ölkə - bir prioritet məhsul” təşəbbüsünə start verib

Bakı, 6 avqust, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Avropa və Mərkəzi Asiyada “Bir ölkə - bir prioritet məhsul” xüsusi kənd təsərrüfatı məhsullarının inkişafı üzrə Qlobal Fəaliyyət Proqramına start verib.
AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu təşəbbüs aqro-ərzaq sistemlərinin səmərəliliyi, inklüzivliyi, davamlılığı və xarici amillərə dayanıqlığının artırılmasına yönəlib.
FAO-nun baş direktoru tərəfindən 2021-ci ilin sentyabrında təqdim edilən “Bir ölkə - bir prioritet məhsul” proqramı yerli istehsal olunan qiymətli kənd təsərrüfatı məhsullarının bazara çıxarılması üçün “yaşıl” və davamlı istehsal və ticarət zəncirlərinin inkişaf etdirilməsi məqsədi daşıyır. FAO-nun təşəbbüsü onları ön plana çəkir ki, bu da dünyada ərzaq təhlükəsizliyini və qidalanma keyfiyyətini yaxşılaşdırmalıdır.
Proqramın icrasının başlanılmasına həsr olunmuş virtual tədbirdə Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri təşəbbüslə tanış olub, ərzaq və kənd təsərrüfatı sektorlarında prioritetlərini ifadə ediblər və daha sıx əməkdaşlıq imkanlarını araşdırıblar. Tədbirdə dövlət idarəetmə orqanlarının, inkişaf üzrə tərəfdaşların, elmi-tədqiqat institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri iştirak ediblər.
""Bir ölkə – bir prioritet məhsul" təşəbbüsü istehsal proseslərinin optimallaşdırılması, ətraf mühit üçün mənfi nəticələrin azaldılması və maksimum məhsuldarlığın nail olunmasına yönəlib", – deyə FAO-nun baş direktorunun müavini Bet Bekdol bildirib. Təşəbbüs xüsusi kənd təsərrüfatı məhsullarının milli, regional və hətta qlobal bazarlara inteqrasiyası məqsədilə istehsal və ticarət zəncirlərinin yenidən qurulması üçün elm, innovasiya və texnologiya sahəsində ənənəvi bilik və nailiyyətləri birləşdirir".
Xüsusi kənd təsərrüfatı məhsullarına diqqətin cəmləşməsi strateji əhəmiyyət kəsb edir.

“Mahiyyətinə görə onlar - coğrafi mövqeyi, istehsalında istifadə olunan davamlı kənd təsərrüfatı metodları və ya mədəni irsin qorunmasına verdiyi unikal töhfə ilə müəyyən edilən unikal keyfiyyətlərə və xüsusi xarakteristikalara malik gizli xəzinədir”, - deyə FAO-nun iqtisadçısı Pedro Arias bildirib. – Belə xüsusi məhsulların istehsalı, emalı və satışı ilə çox vaxt qadınlar da daxil olmaqla kiçik təsərrüfatlar və marginal istehsalçılar məşğul olur. Bu həssas qruplar belə bir təşəbbüsün peyda olunmasını çoxdan gözləyirdilər. Bu, onlara öz məhsullarını dünya bazarına çıxarmağa kömək edəcək”.
Avropa və Mərkəzi Asiya ölkələri təkcə zəngin kənd təsərrüfatı irsinə deyil, həm də mövcud aqro-ərzaq sistemlərinin səmərəli, ekoloji cəhətdən davamlı və sosial inklüziv şəbəkələrə çevrilməsi üçün böyük imkanlar təklif açan istehsal sistemlərinə malikdir. “Bir ölkə - bir prioritet məhsul” təşəbbüsü bu regionun böyük potensialını reallaşdırmağa kömək edəcək.

Sosial 2022-08-06 18:39:00