×
A
A
A
Sazlamalar

İƏT bir daha BMT Təhlükəsizlik Şurasının Cəmmu və Kəşmirlə bağlı qətnamələrinin icrasına çağırıb

Qahirə, 6 avqust, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi yenidən BMT Təhlükəsizlik Şurasının Cəmmu və Kəşmirlə bağlı qətnamələrinin icrasına çağırıb.
AZƏRTAC xəbər verir ki, İƏT-in bununla bağlı beynəlxalq ictimaiyyətə müraciətində deyilir: “2022-ci il avqustun 5-i Hindistanın qeyri-qanuni işğalı altında olan Cəmmu və Kəşmirdə həyata keçirilən illeqal və birtərəfli tədbirlərin başlanmasının üçüncü ildönümü tamam olub. Bunun ardınca beynəlxalq hüquq normalarına zidd olan demoqrafik dəyişikliklər də daxil olmaqla, əlavə tədbirlər görülüb. Bu qanunsuz aktlar Cəmmu və Kəşmirin mübahisəli statusunu dəyişdirə və ya bu bölgənin xalqının öz müqəddəratını təyin etmək üçün qanuni hüququna təsir edə bilməz”.
İslam Zirvəsi və İƏT-in Xarici İşlər Nazirləri Şurasının Cəmmu və Kəşmirlə bağlı qərarlarını xatırladan Baş Katiblik vurğulayıb ki, təşkilata üzv ölkələr Kəşmir xalqının öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüququna nail olmaq məsələsində həmrəydir. Bundan başqa, Hindistan hökumətinə Kəşmir xalqının əsas hüquq və azadlıqlarına hörmət etmək və görülən bütün qeyri-qanuni və birtərəfli tədbirlərin ləğvi ilə bağlı çağırış edilib.
Sonda qeyd edilib ki, Baş Katiblik beynəlxalq ictimaiyyətə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Cəmmu və Kəşmir mübahisəsinin həlli istiqamətində əməli addımlar atmaqla bağlı çağırışını yeniləyir.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2022-08-06 17:11:00