×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turnirinin final görüşü keçirilib

Binə Atçılıq Mərkəzində keçirilən turnirin qalibləri mükafatlandırılıb

Bakı, 6 avqust, AZƏRTAC
Avqustun 6-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turnirinin final görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Binə Atçılıq Mərkəzini qapalı manejində baş tutan final görüşündən əvvəl tamaşaçılara “Odlar yurdu” şousu nümayiş etdirilib.
Yarışın həlledici görüşündə “Buta Qolden” və “Polad” komandaları birincilik uğrunda mübarizə aparıblar. “Polad” komandası ilk hissəni 1:0 öndə başa vurub. İkinci hissəyə də “Polad” yaxşı başlayaraq, hesab arasındakı fərqi ikiyə çatdırıb. Matçın sonlarında “Buta” təsəlli qolu vurub. Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Polad” komandası rəqibini 2:1 hesabı ilə məğlub edərək Şuşa kubokunun qalibi olub.
Qeyd edək ki, “Sərhədçi Dilbaz” və “Köhlən” komandaları arasında Şuşa kubokunda üçüncü yer uğrunda mübarizə isə “Sərhədçi Dilbaz” komandasının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra Şuşa kuboku turnirinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Yarışın qalib komandası qızıl medal və kubok, ikinci və üçüncü yeri tutan komandalar isə müvafiq olaraq gümüş və bürünc medallarla təltif olunublar. Mükafatları ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib. E.Quliyev çıxış edərək məlumat verib ki, qalib komandaya 10 min, finalçıya 7 min və bürünc medalçıya 4 min manat pul mükafatı da veriləcək.
Turnirdə altı komanda kubok və medallar uğrunda mübarizə aparıb.
Xatırladaq ki, qrup oyunları nəticəsində üç güc səbətindən eyni reytinqə sahib olan komandalar arasında A qrupunda yer alan “Sərhədçi Dilbaz” və “Polad” komandaları, B qrupundan isə “Buta Qolden” və “Köhlən” komandaları yarımfinala vəsiqə qazanıb. Yarımfinal oyunlarında “Buta Qolden” komandası “Sərhədçi Dilbaz” komandası üzərində 5:3 hesablı, “Polad” komandası isə “Köhlən” komandası üzərində 4:0 hesablı qələbə əldə edib.

İdman 2022-08-06 17:07:00