×
A
A
A
Sazlamalar

“Şərq qapısı” qəzeti Naxçıvanla bağlı dəqiq informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayır

Naxçıvan, 6 avqust, AZƏRTAC
Müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuatın da inkişafına göstərilən dövlət qayğısı cari ilin ötən dövründə də uğurlu bəhrəsini verməkdədir. Əminliklə deyə bilərik ki, muxtar respublikanın peşəkar jurnalist heyətinin, ələlxüsus da qədim diyarımızın mərkəzi mətbuat orqanı olan “Şərq qapısı” qəzeti əməkdaşlarının cari ilin 6 ayı ərzində qələmə aldığı yaradıcılıq nümunələri Naxçıvanla bağlı dəqiq informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Şərq qapısı” qəzetində 2022-ci ilin ilk 6 ayı ərzində görülən işlərlə bağlı keçirilən iclasda bu fikirlər səsləndirilib.
Qəzetin kollektivinin, muxtar respublikanın bir sıra rayon qəzeti nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən “Şərq qapısı” qəzetinin redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova qeyd edib ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən “Şərq qapısı” qəzetinin 100 illik yubileyi dövlət səviyyəsində silsilə tədbirlərlə qeyd edilib. Qəzetin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşlarının fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 17 dekabr tarixdə imzaladığı Sərəncamına əsasən “Şərq qapısı” qəzeti işçilərinin əməkhaqlarının orta hesabla 20 faiz artırılması redaksiya əməkdaşlarının sonrakı uğurlu fəaliyyəti, yaradıcılıq məhsuldarlığı, qəzetin daha peşəkar səviyyədə və oxunaqlı nəşri üçün stimul olub.
Diqqətə çatdırılıb ki, 2022-ci ilin 6 ayı ərzində “Şərq qapısı” qəzetinin 121 nömrəsi işıq üzü görüb. Cari ilin ilk yarım ilində də muxtar respublikanın sosial-iqtisadi inkişafının, aparılan quruculuq və abadlıq işlərinin, humanitar siyasətin işıqlandırılması diqqətdə saxlanılıb. Bəhs olunan dövrdə müvafiq sərəncamların icrası ilə əlaqədar 70-dən artıq, Dövlət proqramlarının icrası ilə bağlı 360-dan artıq material dərc olunub. 2022-ci ilin ölkəmizdə “Şuşa İli”, muxtar respublikamızda “Sənaye İli” elan olunması ilə əlaqədar bədii-publisistik, analitik təhlili yazıların, postpandemiya dövründə muxtar respublikada keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin operativ işıqlandırılması, gələn xarici qonaqlar, turistlər ilə müsahibələrin dərc olunması istiqamətində operativlik nümayiş etdirilib. Bununla yanaşı, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, xarici işlər nazirinin müavini Xələf Xələfov, təhsil naziri Emin Əmrullayev, Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı, Van Yüzüncü il Universitetinin rektoru, professor Həmdullah Şevli, dünyada tanınan azərbaycanlı ixtiraçı-alim, Azərbaycan diasporunun sayılıb-seçilən təmsilçilərindən olan Xəlil Kələntər ilə müsahibələr, Naxçıvan məktəblilərinin və tələbələrinin “TEKNOFEST Azərbaycan”da uğurla təmsil olunması, muxtar respublikada ilk dəfə “STEAM təhsil festivalı”nın keçirilməsi ilə bağlı reportajlar cari ildə qəzetdə dərc olunan maraqlı və oxunaqlı yazılardandır.
Vurğulanıb ki, 2021-ci il üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarına əsasən, muxtar respublikanın ictimai həyatında, media sahəsində, bu və ya digər istiqamətlərdə fəallıq göstərən gənclər sırasında “Şərq qapısı” qəzetinin Humanitar siyasət şöbəsinin müxbiri Güntac Şahməmmədli də 2021-ci ilin “Peşəkar gənci” fəxri adına layiq görülüb. Bununla belə, Milli Mətbuat Günü münasibətilə Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə ali təhsil ocağında baş verən yeniliklərin operativ surətdə ictimaiyyətə çatdırılmasındakı səmərəli fəaliyyət göstərən “Şərq qapısı” qəzetinin əməkdaşları təşəkkürnamə ilə təltif olunub, I Beynəlxalq Tibbi Forumun fəaliyyətinin operativ və dolğun işıqlandırılmasına görə media qurumunun rəhbərinə sertifikat təqdim edilib.
Bildirilib ki, hamilik tədbirlərinin icrası istiqamətində aprel ayında “Şərq qapısı” qəzetində Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Jurnalistika ixtisasının IV kurs tələbələrinin istehsalat təcrübəsinin yekununa həsr olunmuş tədbir, may ayında isə redaksiyada Jurnalistika ixtisasının tələbələri üçün “Şərq qapısı” qəzetinin timsalında gündəlik mətbuat orqanında tərtibat məsələləri” mövzusunda təlim keçirilib. 2022-ci ilin 6 ayı ərzində qəzetin www.serqqapisi.az saytına 168 min baxış olub, həmin dövrdə saytda 21 min 999 material yerləşdirilib.
Diqqətə çatdırılıb ki, iyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edərək aidiyyəti üzrə gələcək çoxşaxəli inkişaf strategiyasını müəyyənləşdirəcək bir sıra mühüm tapşırıqlar verərkən deyib: “Kütləvi informasiya vasitələri maddi-texniki bazadan səmərəli istifadə etməli, ədəbi dil normaları qorunmalı, teleradio və qəzet materialları hazırlanarkən keyfiyyətə daha çox diqqət olunmalıdır”. Baş redaktor muxtar respublikada mətbuatın inkişafına göstərilən dövlət qayğısına görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzu edib.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edərək vurğulayıb ki, qəzet əməkdaşlarından Muxtar Məmmədovun və Səbuhi Həsənovun “Sənaye İli” ilə bağlı maraqlı müsahibə və reportajları, gənc jurnalistlərdən Nail Əsgərov, Gülcamal Tahirovan, Güntac Şahməmmədli, Məcid Rəşadətoğlu və digərlərinin müxtəlif mövzulardakı yaradıcı yazıları, idman reportyoru Ceyhun Məmmədovun məqalələri, habelə qəzetlə fəal əməkdaşlıq edən şəhər və rayon qəzeti müxbirlərinin, o cümlədən tələbə-jurnalistlərin yaradıcılıq nümunələri “Şərq qapısı” qəzetinin istər mövzu və janr baxımından, istərsə də yaradıcılıq istiqamətindən zəngin maarifçilik ənənələrinə sahib olduğunu bir daha sübut edir.
Sonra məruzə ətrafında çıxışlar edilib.

Regionlar 2022-08-06 16:59:00