×
A
A
A
Sazlamalar

Bakıda polo üzrə Avropa çempionatı və “Prezident kuboku” turniri təşkil olunacaq VİDEO

Bakı, 6 avqust, AZƏRTAC

Bu ilin sonunda çövkən milli atüstü oyunu üzrə “Prezident kuboku” turniri keçiriləcək. Bu artıq ənənəyə çevrilmiş bir yarışdır. Bu yarışı hansı tarixdə başlamağımızdan asılı olmayaraq, Prezidentin doğum günündə - dekabrın 24-də final oyunu təşkil edirik. Bu il də həmin ənənəyə sadiq qalacağıq. Artıq komandalar həmin yarışlara hazırlıqlara başlayıblar. Həmin turniri səkkizdən çox komandanın iştirakı ilə təşkil etməyi planlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev gələcəkdə keçiriləcək yarışlar barədə məlumat verərkən deyib.
Bakıda təşkil olunacaq polo üzrə Avropa çempionatı barədə də danışan baş katib Bəhruz Nəbiyev bildirib: “Şuşa kuboku turnirində iştirak edən idmançıların çoxu atçılıqda çövkənin davamçısı olan poloda da iştirak edirlər. Bu il sentyabrın 13-18-də Bakıdakı Binə Atçılıq Mərkəzində polo üzrə qitə çempionatı keçiriləcək. Artıq komandalar da təsnifat mərhələsini keçərək müəyyənləşiblər. Bu yarışda dörd komanda iştirak edəcək. Azərbaycan ev sahibi ölkə olduğu üçün çempionata birbaşa vəsiqə qazanıb. Ölkəmizdən başqa, Avstriya, İsveçrə və İspaniya yığmaları yarışa qatılacaqlar. Onlar kifayət qədər güclü komandalardır. Mən öz millimizə və bütün komandalara uğurlar arzulayıram”.

 

İdman 2022-08-06 15:08:00

Video