×
A
A
A
Sazlamalar

Rəcəb Tayyib Ərdoğan: Ukrayna taxılının Qara dənizlə ixracı təşəbbüsü Türkiyə-Rusiya dialoqunun ən son nümunəsidir

İstanbul, 6 avqust, AZƏRTAC
Türkiyənin Rusiya ilə dialoqunun Qafqazda, Suriyada və Ukraynada müsbət təsirinin şahidi oluruq. Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı təşəbbüsü bunun ən son nümunəsidir. İndi vacib olan planın düzgün həyata keçirilməsi və yaranmış müsbət atmosferin İstanbuldakı danışıqlarda konkret addımlara çevrilməsidir. Bu qarşıdurmanın qalibinin olmayacağını əvvəldən bildirmişəm. Mövcud çətinliklərə baxmayaraq, böhranın danışıqlar masası arxasında həll olunacağına dərindən inanıram. Rusiya Prezidenti Vladimir Putinə Ukrayna dövlətinin başçısı Volodimir Zelenski ilə görüşünə ev sahibliyi edə biləcəyimizi bir daha xatırlatdım. Qara dəniz qonşumuz olan Rusiya ilə regional və qlobal sülhə töhfə vermək üçün hər sahədə dialoqumuzu artırmağa davam edəcəyik. Soçidəki görüşlərimizin Türkiyə və Rusiya başda olmaqla, bölgəmizə fayda gətirməsini diləyirəm.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.
Türkiyə Prezidenti deyib: “İyulun 19-da Tehranda Rusiya Prezidenti Vladimir Putin ilə görüşdən sonra Soçidə ikitərəfli münasibətlərimizi və beynəlxalq məsələləri hərtərəfli qiymətləndirdik. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasını Türkiyədə keçirmək üçün Prezident Putini ölkəmizə dəvət etdim. Mövcud şəraitdə vacib olan əlaqələrimizi ümumi maraqlarımız əsasında və beynəlxalq sistem çərçivəsində qorumaq, inkişaf etdirməkdir”.
İkitərəfli görüş zamanı ticari və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirən Prezident Ərdoğan qeyd edib: “Daha əvvəl ticarətdə hədəfimizin 100 milyard ABŞ dolları olduğunu bildirmişdik. Bu istiqamətdə enerji, ticarət, turizm və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. İkitərəfli ticarətimizin həcminin daha balanslaşdırılmış əsasa çatmasını təmin etmək əzmindəyik”.
Səfər zamanı Suriyadakı terror təşkilatlarına qarşı atılacaq addımları da nəzərdən keçirdiklərini dilə gətirən Prezident Ərdoğan Suriyanın ərazi bütövlüyünü təhdid edən, xalqı ilə yanaşı, ordusuna, polisinə, təhlükəsizlik qüvvələrinə hücum edənlərə qarşı birgə mübarizədə aparmaqda razılaşdıqlarını vurğulayıb.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-08-06 15:05:00