×
A
A
A
Sazlamalar

Füzulidə erkən nikahların qarşısının alınması mövzusunda tədbir keçirilib

Füzuli, 6 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli rayonunda erkən nikahların qarşısının alınması və gənclərin bu mövzuda maarifləndirilməsi məqsədilə “Erkən nikaha yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əsasən gənclər iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ülkər Bayramlı müasir dövrümüzün aktual problemlərindən olan erkən nikahın yaratdığı fiziki və psixoloji fəsadlar, təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumat verib. Həmçinin sağlam gənclik naminə keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülər üzrə mütəxəssisi Arzu Mirzəliyevanın “Erkən nikaha yox deyək” mövzusunda məruzəsi dinlənilib. İştirakçıları maraqlandıran sualları cavablandıran mütəxəssis hər kəsi gələcəyimiz olan uşaqlara qayğı və nəvazişlə yanaşmağa səsləyib.
Daha sonra məktəblilər hazırladıqları video və əl işləri ilə çıxış ediblər.
Sonda “Erkən nikaha yox deyək!” adlı videoçarx nümayiş olunub.

Regionlar 2022-08-06 14:46:00