×
A
A
A
Sazlamalar

Ağsuda "Xan qızı - Natəvan" tamaşası təqdim olunub

Ağsu, 6 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin 2022-ci il 14 mart tarixli Sərəncamı ilə Azərbaycan bədii fikrinin görkəmli siması, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi qeyd edilir. Bu münasibətlə İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayon Mədəniyyət Mərkəzində Xalq yazıçısı İlyas Əfəndiyevin "Natəvan" pyesinin II hissəsinin motivləri əsasında hazırlanan "Xan qızı - Natəvan" tamaşası təqdim olunub. Tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşada İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından bəhs olunur. Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Natəvan obrazı əsərin mərkəzində dayanır, onun şəxsi həyatı və ictimai fəaliyyəti bir nöqtədə birləşir: O, dərin vətənpərvərdir. Natəvan kübar cəmiyyətini təmsil etsə də, möhkəm tellərlə sadə insanlara bağlıdır. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir. O, bütün həyatını xalqının haqqının tanınması, sadə zəhmət adamlarının vəziyyətinin yaxşılaşdırılması uğrunda mübarizəyə həsr edib. Tamaşada Xan qızının bu istəyini böyük səylə həyata keçirdiyinin şahidi oluruq. O, öz vəsaiti ilə Şuşa qalasına su çəkdirir və çalışır ki, suvarma arxları insanların susuzluqdan əziyyət çəkdikləri Mil düzünədək uzansın.
Xurşidbanu Natəvan məmləkətin xoşbəxt gələcəyini xalqın maarifləndirilməsində görür. Buna görə də məktəblərin açılmasına böyük əhəmiyyət verir, Vətən övladlarını Rusiyada təhsil almağa göndərir. Natəvanın xalqın taleyi ilə bağlı düşüncələri və xeyirxah əməlləri yalnız Şuşa qalası ilə məhdudlaşmır. Məmləkətin, böyük tarixi olan bir xalqın imperiya qüvvələri tərəfindən iki yerə parçalanması onu bərk ağrıdır. O, xalqı bu vəziyyətə salan qüvvələrə nifrət bəsləyir, o taylı, bu taylı Azərbaycanı azad və bütöv görməyi arzulayır.
Tamaşada Natəvan yalnız ictimai fəaliyyəti ilə yadda qalmır. Müəllif Xan qızını geniş şöhrət tapan alicənab qadın kimi təsvir edib. Onun şeirləri sosial məzmunludur. O, təmiz məhəbbət əsasında ailə qurduğu Knyaz Xasayı ürəkdən sevsə də, ayrılıq məqamı gələndə - həyat yoldaşı Xasay əmisinin təkidi ilə Dağıstana qayıtdıqda Qarabağda, xalqının yanında qalmağı üstün tutur.
Tamaşaçı Natəvanın timsalında əqidəli, çətinliklər qarşısında geri çəkilməyən, mübariz qadın obrazı görür. O, qətiyyətlə bildirir ki, həyata ikinci dəfə gəlsə idi, yenə bu yolu tutardı. Natəvan nə qədər çətinliklərlə üzləşsə də, ruhdan düşmür, Azərbaycanın öz milli birliyini, azadlığını tapacağına inanır.
Qeyd edək ki, İsmayıllı Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanan, rayon mədəniyyət işçilərinin ifasında təqdim olunan "Xan qızı - Natəvan" tamaşası tədbir iştirakçıları tərəfindən böyük maraqla, rəğbətlə qarşılanıb.

Regionlar 2022-08-06 11:32:00