×
A
A
A
Sazlamalar

Sumqayıt çimərliyində maarifləndirmə tədbirləri keçirilib

Sumqayıt, 6 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi "H.Z.Tağıyev” xilasetmə məntəqəsinin ərazisində yerləşən çimərlikdə istirahət edən vətəndaşlar arasında "Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.
AZƏRTAC xəbər verir ki, maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizlik qaydaları barədə biliklərin aşılanması olub.
Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "H.Z.Tağıyev” xilasetmə məntəqəsinin əməkdaşları iştirak ediblər.
Çimərlikdə dincələn vətəndaşlara təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib, sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərərçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib.
Sonda mövzuya aid suallar cavablandırılıb, tədbirdə iştirak edən vətəndaşlara bukletlər, maarifləndirmə xarakterli müxtəlif təbliğat materialları paylanılıb.

Regionlar 2022-08-06 10:55:00